Bakı şəhəri Binəqədi rayon məhkəməsinin yeni binasının təməli qoyulmuşdur

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir, bu məqsədlə məhkəmələrin yüksək statusuna uyğun müasir infrastruktur yaradılır.

Belə ki, son illər müasirliyi ilə fərqlənən və ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni məhkəmə binaları tikilib istifadəyə verilmiş, ölkəmizdə konseptual baxımdan yeni olan bir neçə məhkəməni əhatə edən məhkəmə komplekslərinin və binalarının, o cümlədən ötən aylar ərzində İmişli və Qəbələ rayon məhkəmələri üçün yeni binaların təməli qoyularaq intensiv inşasına başlanılmışdır.

Bu tədbirlər çərçivəsində fevralın 28-də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi üçün müasir inzibati binanın təməlqoyma mərasimi keçirilmişdir.

Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, habelə hakimlər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Ümumi sahəsi 7672 m2 olan 4 mərtəbədən və zirzəmidən ibarət yeni məhkəmə binası ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio- və video sistemlər, digər zəruri infrastruktur quraşdırılacaqdır.

Tədbir iştirakçıları Binəqədi Rayon Məhkəməsinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olmuş, məhkəmənin təməli qoyulmuşdur.

Mərasimdə çıxış edən ədliyyə naziri F.Məmmədov ölkə başçısının rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, müasir infrastrukturun yaradılması barədə məlumat vermiş, bu sahədə Dünya Bankı ilə birgə dünyada ən uğurlu hesab olunan "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsinin həyata keçirildiyini, layihə çərçivəsində artıq bir neçə yeni məhkəmə binalarının tikilərək istifadəyə verildiyini və yeni komplekslərin intensiv inşasını vurğulamışdır.

Nazir son illər regionlarda 20-dək yeni məhkəmələrin yaradıldığını, hakimlərin sayının 2 dəfə artırıldığını, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimini, eləcə də hakimlərin maddi təminatının xeyli yaxşılaşdırıldığını qeyd etmiş və bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin müasir binasının inşası məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə verəcək, məhkəmələrə çatımlılığı daha da asanlaşdırmaqla vətəndaşların hüquqlarının etibarlı təmin olunmasına xidmət edəcəkdir.

Həmçinin, məhkəmələrdə qabaqcıl İKT-lərin tətbiqinə toxunularaq, bu sahədə strateji prioritetləri müəyyən edən ölkə Prezidentinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunmuş, onun ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, aşkarlığın tam təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyi vurğulanmışdır.

Mərasimdə çıxış edənlər respublikamızın hərtərəfli inkişafına, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin müasirləşdirilməsinə verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Elə həmin gün hakimlərin və ədliyyə işçilərinin iştirakı ilə müşavirə keçirilmişdir.

Müşavirə zamanı ədliyyə naziri və Ali Məhkəmənin sədri çıxışlar etmiş, dövlət başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, dövlət məmurları tərəfindən etik qaydalara dönmədən riayət olunması və korrupsiyaya qarşı ən qəti mübarizə tədbirlərinin aparılması ilə bağlı tapşırıqları vurğulanaraq, qanunun aliliyinin təmin olunması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunmuş, peşəkarlığın artırılması, xüsusilə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi, habelə icra və əmək intizamına ciddi əməl olunması, vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntusu, korrupsiyaya şərait yaradan və digər neqativ halların qətiyyətlə aradan qaldırılmasının zəruriliyi bildirilmişdir.

Bununla yanaşı, icra məmurlarına icra prosesi zamanı insan hüquqlarına ciddi riayət olunması, məhkəmə qərarlarının vaxtında və dürüst icrası, işin yaxşılaşdırılması üzrə konkret tapşırıqlar verilmiş, korrupsiya, süründürməçilik, qeyri-etik davranış və digər neqativ halların yolverilməzliyi xüsusi vurğulanmışdır. 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez