07-03-2014 | 04:02 1003
Azərbaycan və Beynəlxalq Notariat İttifaqı arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə martın 2-dən 5-dək bu nüfuzlu təşkilatın beynəlxalq əməkdaşliq komissiyasinin rəhbəri Mişel Merlottinin başçılıq etdiyi nümayəndə heyəti respublikamızda səfərdə olmuşdur.
Ədliyyə Nazirliyində keçirilmiş görüşdə nazir müavini Toğrul Musayev ölkəmizin Beynəlxalq Notariat İttifaqı ilə fəal əməkdaşlıq etdiyini vurğulamış, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ədliyyə sisteminin inkişafı, o cümlədən notariat orqanlarının müasirləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, notarius korpusunun şəffaf prosedurlar əsasında formalaşdırılması və islahatlar nəticəsində xüsusi notariat institutunun tətbiqi barədə ətraflı məlumat vermişdir.
Azərbaycanda notariat sahəsində qazanılmış nailiyyətlərdən məmnunluğunu ifadə edən qonaqlar xüsusi notariusların fəaliyyətə başlamasını, "Elektron notariat" informasiya sisteminin yaradılmasını təqdir etmişlər.
Görüşdə dünyanın 86 ölkəsinin notariat orqanlarını birləşdirən Beynəlxalq Notariat İttifaqı ilə əməkdaşlığın yeni formatı müzakirə olunmuş, qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.
Səfər zamanı təşkilatın İsveçrə, Avstriya və Estoniyadan olan ekspertləri nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovla görüşmüş, Azərbaycanda notariat sistemi haqqında prezentasiya keçirilmişdir. Qonaqlar həmçinin idarədə notariat arxivi və informasiya resursları mərkəzi ilə tanış olaraq yaradılan sistemi yüksək qiymətləndirmiş, notariuslar ilə görüş keçirmişlər. Notariat kontorlarına baş çəkən nümayəndə heyəti bütün növ ödənişlərin edilməsinə imkan verən elektron notariat köşklərinin tətbiqindən heyran qalmış, notariat hərəkətləri ilə bağlı təşkil olunmuş bank xidmətlərinin əhalinin rahatlığı baxımından böyük əhəmiyyətini qeyd etmişlər.
Eyni zamanda, qonaqlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbərliyi tərəfindən qəbul edilmiş, "ASAN xidmət" mərkəzlərində olmuş və innovativ fəaliyyəti təqdir etmiş, habelə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə tanış olmuşlar.