11-03-2014 | 04:02 1528
Martın 6-da Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin insan hüquqları məsələlərinə həsr olunmuş iclası keçirilmişdir. Təşkilatın üzv dövlətlərinin yüksək səviyyəli nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərov iştirak etmişdir.
İclasda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin konkret qərarlarının icrası ilə bağlı Azərbaycan Hökuməti tərəfindən görülmüş tədbirlər müzakirə olunmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində aparılan genişmiqyaslı islahatlardan danışan nazir müavini məhkəmələrin müstəqilliyinin daha da gücləndirilməsi, qanunvericiliyin və məhkəmə quruluşunun təkmilləşdirilməsi, hakim korpusunun ən şəffaf prosedurlarla formalaşdırılması, hakimliyə namizədlərin və hakimlərin müasir təlim metodları əsasında hazırlanması və ixtisaslaşması, ədalət mühakiməsinə çatımlılığın asanlaşdırılması məqsədilə məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmə sisteminin yaradılması barədə ətraflı məlumat vermiş, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla, xüsusilə Avropa Şurası ilə sıx əməkdaşlıq edildiyini, həyata keçirilən tədbirlərdə qurumun tövsiyələrinin nəzərə alındığını bildirmişdir.
Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi, qərarlarının icrası, həmçinin fikir azadlığı hüququnun təmin olunması və bu sahədə məhkəmə təcrübəsinin təhlili və ümumiləşdirilməsi məsələlərinə toxunan nazir müavini həyata keçirilmiş tədbirlərdən danışmış, ölkəmizin Ali Məhkəməsi Plenumunun fikri azad ifadə etmək hüququnun daha səmərəli məhkəmə müdafiəsinin təmin olunması ilə bağlı müvafiq qərarının qəbul olunmasını və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə tədbirləri diqqətə çatdıraraq, Venesiya Komissiyası ilə səmərəli əməkdaşlıq şəraitində səylərin davam etdirildiyini bildirmişdir.
Avropa Şurası Nazirlər Komitəsi tərəfindən qeyd olunan məlumatlar məmnunluq hissi ilə qarşılanmış, Azərbaycanda qısa müddətdə məhkəmə sistemində aparılan islahatlar, o cümlədən məhkəmə sisteminin müstəqilliyinin, vətəndaşların məhkəməyə müraciət etmək hüququnun təmin olunmasında nailiyyətlər təqdir edilmişdir. Həmçinin, məhkəmələrin diqqətinin ifadə azadlığı sahəsində müvafiq Avropa Konvensiyasının tələblərinə cəlb olunması alqışlanmış, ölkəmizin Ali Məhkəməsi Plenumunun diffamasiya ilə bağlı qanunvericilik təşəbbüsü maraqla qeyd olunaraq, bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin, eləcə də hakimlər və prokurorlar üçün praktiki tədbirlərin və təlimlərin keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.
İclasda təşkilatın üzv dövlətləri təmsilçilərinin çoxsaylı sualları ətraflı cavablandırılmış, sonda müzakirə olunan məsələlərlə bağlı Nazirlər Komitəsi tərəfindən qərar qəbul olunmuşdur.
Tədbirdə ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov iştirak etmişlər.