Məhkumların hüquqlarının qorunması diqqət mərkəzindədir

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinin inkişafına, o cümlədən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ictimaiyyətin iştirakına, vətəndaş təşəbbüslərinin dəstəklənməsinə, dövlət orqanlarının fəaliyyətində ictimai nəzarətin tətbiqinə xüsusi önəm verilir.

"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunması dövlət orqanları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük təkan olmuşdur.

Ədliyyə Nazirliyi tərəfindən də qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət diqqətdə saxlanılaraq onların nümayəndələrinin müxtəlif tədbirlərdə, o cümlədən nazirliyin kollegiya iclaslarında, konfrans və seminarlarda, habelə qulluğa qəbulla bağlı keçirilən imtahanlarda iştirakları təmin olunur, ədliyyə işinin müxtəlif istiqamətləri üzrə birgə "açıq qapı" günləri keçirilir, ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi üzrə monitorinqlər vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şəraitində aparılır.

Eyni zamanda, penitensiar sistemdə səmərəli ictimai nəzarət mexanizmi tətbiq olunur. Tərkibi tanınmış qeyri-hökumət hüquq müdafiə təşkilatlarından ibarət olan İctimai Komitə maneəsiz olaraq penitensiar müəssisələrə baş çəkərək monitorinqlər aparır, məhkumlarla görüşür, müxtəlif hüquqi yardımlar göstərir və haqlarının təmin olunması işinə töhfələr verir. Həmçinin, ölkəmizdə əlillərə dövlət səviyyəsində göstərilən qayğı nəzərə alınaraq, əlil məhkumların hüquqlarının daha etibarlı təmin olunması məqsədi ilə Komitədə əlillər cəmiyyətinin məsul nümayəndəsi təmsil olunur. Səkkizinci ildir ki, uğurlu fəaliyyət göstərən Komitə vətəndaş cəmiyyəti və hüquq-mühafizə orqanları arasında qarşılıqlı dialoq və əməkdaşlıq modeli kimi beynəlxalq aləmdə maraqla qarşılanır.

Bununla yanaşı, dövlətimiz cəmiyyətin həssas qruplarına daxil olan məhkumların hüquqlarının qorunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, saxlanma şəraitinin yaxşılaşdırılması, onların azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı, sosial reabilitasiyası məqsədilə ardıcıl tədbirlər görür. Bu məqsədlə "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Qanun qəbul edilmiş, aparılan islahatlar çərçivəsində təqsirləndirilən şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkməsi üçün respublikanın müxtəlif regionlarında yeni penitensiar komplekslər inşa olunur, həyata keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələri yaxından iştirak edir.

Ulu öndər Heydər Əliyevin humanizm prinsiplərinin, o cümlədən əfvetmə institutunun səmərəli tətbiqi, dövlət başçısı cənab İlham Əliyevin imzaladığı əfv aktları ilə 2600-ə yaxın şəxsin azad edilməsi, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya qərarlarının 30 minə yaxın insana şamil olunması cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunaraq islah edilməsinə xidmət etmişdir.

Eyni zamanda insan hüquqları və islah işinin səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə institutu tətbiq edilir. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə yeni praktikanın tətbiqinə başlanılaraq tərkibi nazirliyin, o cümlədən Penitensiar xidmətin təcrübəli məsul əməkdaşlarından, eləcə də geniş ictimaiyyətin nümayəndələri, millət vəkilləri və hüquq-müdafiəçilərdən ibarət xüsusi Komissiya formalaşdırılmışdır. Fəaliyyəti qanunçuluq, şəffaflıq və obyektivlik kimi əsas meyarlar üzərində qurulmuş Komissiya tərəfindən qanunun tələblərinə ciddi əməl olunması, subyektiv amillərin və qərəzli münasibətin qarşısının alınması, hər məhkuma fərdi yanaşılması, onların real islah olunması məsələsi hərtərəfli araşdırılır.

Belə ki, Komissiya tərəfindən bütün cəzaçəkmə müəssisələrinə baş çəkilərək, məhkumların işləri öyrənilməklə onlarla görüşülür, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya daha yüngül cəza ilə əvəz etmənin mümkünlüyü ətraflı nəzərdən keçirilir, məhkumlara hüquqı yardım göstərilir, zəruri izahlar verilir, tərbiyəvi tədbirlər və təbliğat işi aparılır.

Son dövr ərzində Komissiyanın şəffaf və obyektiv fəaliyyəti nəticəsində həqiqi islah yoluna qədəm qoymuş və əhalinin bütün təbəqələrini əhatə edən 1.000-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinmiş və artıq məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 95%-i müsbət həll edilmişdir.

Bu yeni təcrübə böyük rəğbətlə və minnətdarlıqla qarşılanır, məhkumlar və onların yaxınları tərəfindən nazirliyə çoxsaylı təşəkkür məktubları daxil olur. Qeyd olunmalıdır ki, belə bir müsbət praktikanın tətbiqi məhkumların sosial reabilitasiyasına böyük imkan yaradır, onların ailələrinə və yaxınlarına yüksək sevinc hissləri bəxş edir, ən əsası isə belə bir institutun tətbiqi insanlarda haqqa və ədalətə inamı artırır, dövlətimizin hər kəsin qanun qarşısında bərabərliyi prinsipinin, humanizm ideallarının uğurla həyata keçirilməsini, ölkə başçısının siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı aparılan sərt mübarizənin real nəticələrini əyani nümayiş etdirir. 

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez