21-10-2008 | 04:02 1139
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov oktyabrın 21-də ölkəmizdə səfərdə olan Norveç Krallığının Ədliyyə nazirliyinin Baş katibi Morten Ruudun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Ölkəmizdə həyata keçirilən hərtərəfli demokratik islahatlardan söhbət açan Fikrət Məmmədov Azərbaycanın ictimai həyatında mühüm hadisə olan prezident seçkilərinin beynəlxalq standartlara uyğun, azad, şəffaf, demokratik şəraitdə keçirildiyini və cənab İlham Əliyevin inamlı qələbəsini diqqətə çatdırmışdır. Eyni zamanda məhkəmə sisteminin təkmilləşdirilməsi, ədliyyə orqanlarının müasirləşdirilməsi sahəsində görülən işlər qeyd olunaraq bu istiqamətdə nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-lə, inkişaf etmiş ölkələrlə əməkdaşlığın əhəmiyyəti qeyd edilmişdir.
Norveçlə Azərbaycan arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi bildirilərək, hüquqi sahədə, habelə insan hüquqları, qanunun aliliyi və yerli demokratiyanın gücləndirilməsi üzrə əməkdaşlığın hər iki tərəf üçün faydası vurğulanmışdır.
Ədliyyə sahəsində səmərəli əməkdaşlıqdan məmnun qalan qonaqlar, Norveç və ATƏT-in Azərbaycanla hüquqi islahatlar üzrə üçtərəfli formatda əməkdaşlığa maraqlı olduqlarını diqqətə çatdırmış, qarşılıqlı fəaliyyətə dair konkret təşəbbüslər irəli sürmüşlər. Cənab Morten Ruud Avropa ədliyyə nazirlərinin ölkəsində keçiriləcək növbəti konfransına Azərbaycanın ədliyyə nazirinə Norveç tərəfinin dəvətini çatdırmışdır.
Görüşdə, həmçinin qonaqları maraqlandıran ətraflı suallar cavablandırılmış, fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Norveç Krallığının səfiri Yon Ramberq və ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola iştirak etmişdir.
Sonra qonaqlar "Ədliyyə tarixi" muzeyi ilə maraqla tanış olmuşlar.