Məhkumların hüquqlarının təminatında yeni təcrübə

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan mərhəmət, insanpərvərlik və humanizm ideyalarını uğurla həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən cəmiyyətin həssas təbəqəsi olan məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər görülür, bu sahədə vətəndaş cəmiyyətinin iştirakına, səmərəli ictimai nəzarət mexanizminin tətbiqinə xüsusi önəm verilir.

Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının daha etibarlı təmin olunması, onların islah edilməsi, azad cəmiyyətə qovuşması, sosial reabilitasiyası daim diqqətdə saxlanılaraq bu sahədə çoxşaxəli tədbirlər görülür, o cümlədən  mühüm tərbiyəvi əhəmiyyət kəsb edən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə institutunun tətbiqi daha da genişləndirilir.

Bununla əlaqədar şəffaflıq, obyektivlik, qanunçuluq və ədalət prinsiplərinin təmin edilməsi, subyektiv amillərin və qərəzli münasibətin, korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə formalaşdırılmış nazirliyin və Penitensiar xidmətin təcrübəli məsul əməkdaşlarından, geniş ictimaiyyət nümayəndələrindən, o cümlədən hüquq müdafiəçilərindən ibarət olan Komissiya səmərəli fəaliyyət göstərir.

Həmin Komissiya mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə baş çəkir, məhkumlarla fərdi görüşlər keçirilir, onlara hüquqı yardım göstərilir, zəruri izahlar verilir, tərbiyəvi tədbirlər, təbliğat işi və söhbətlər aparılır.

Xüsusi qeyd edilməlidir ki, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində vətəndaşların iştirakının təmin olunması məqsədilə nazirlik tərəfindən yeni təcrübə tətbiq olunaraq ictimai iştirakçılığın ən geniş formalarından istifadə edilməklə Komissiyanın işinə ilk dəfə olaraq məhkumların valideynləri və yaxınları dəvət olunurlar.

Komissiya tərəfindən növbəti belə tədbir aprelin 30-da Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində nazirliyin rəhbər işçilərinin, millət vəkillərinin, vətəndaş cəmiyyəti institutlarının və KİV nümayəndələrinin, habelə məhkumların valideynləri və yaxın qohumlarının iştirakı ilə keçirilmiş, görüşlərdə 30-dan çox məhkum dinlənilmiş, onların şəxsi işləri və digər aidiyyəti sənədlər diqqətlə öyrənilmiş, azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmənin və daha yüngül rejimli müəssisəyə keçirilmənin mümkünlüyü hərtərəfli araşdırılmışdır. Məhkumların səmimi peşmançılığı, islah prosesinə qədəm qoyması, o cümlədən davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti nəzərə alınaraq onlardan bir qisminin vaxtından əvvəl şərti azad olunmaları, digərlərinin isə cəzalarının qalan hissəsini daha yüngül rejimli müəssisədə çəkməsi ilə bağlı məhkəmə qarşısında məsələ qaldırılması məqsədəuyğun hesab edilmişdir.

Komissiyanın iclasına dəvət olunmuş valideynlər dövlətimizin başçısı cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə geniş vüsət alan əfv və amnistiya institutlarının tətbiqinin cəmiyyətimizdə böyük rəğbətlə qarşılandığını bildirmişlər. Onlar həmçinin, islah yoluna düşmüş məhkumların sosial adaptasiyasına dair nazirlik tərəfindən həyata keçirilən yeni qeyri-adi və korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayan təcrübənin bilavasitə iştirakçısı olmaqla onun tam şəffaf, ədalətli keçirilməsindən məmnun qaldıqlarını qeyd etmiş, ölkəmizdə mərhəmət, insanpərvərlik, humanizm ənənələrinin möhkəmlənməsinə hər zaman həssaslıqla yanaşan ölkə Prezidentinə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Məhkumların valideynləri və yaxınları cəzaçəkmə müəssisəsində saxlanma şəraiti, asudə vaxtlarının səmərəli təşkili, o cümlədən kitabxana, idman zalı və tədris otaqları ilə yaxından tanış olmuş, buradakı vəziyyətlə əlaqədar məmnunluqlarını bildirmiş, penitensiar sistemin şəffaflığını, ictimaiyyət üçün açıq olmasını təqdir etmişlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez