01-05-2014 | 04:02 882
Mayın 1-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurasının (AŞ) Bakı Ofisinin yeni rəhbəri xanım Draqana Filipoviç ilə görüşmüşdür.
Ölkəmizin Avropa Şurası ilə səmərəli əməkdaşlığını vurğulayan nazir D.Filipoviçə yeni vəzifədə uğurlar arzulayaraq qarşılıqlı fəaliyyətin daha da genişlənəcəyinə əminliyini bildirmişdir. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu məhkəmə-hüquq islahatlarını, o cümlədən hakimlərin Avropada ən şəffaf seçimini və tədrisini, həyata keçirilən tədbirlərdə AŞ-nın fəal dəstəyini qeyd etmişdir. Həmçinin, penitensiar sistemin və infrastrukturun müasirləşdirilməsi, nazirlik tərəfindən yeni şəffaf təcrübələrin, o cümlədən səmərəli ictimai nəzarət mexanizminin tətbiqi, fəaliyyətdə ictimaiyyətin yaxından iştirakı barədə məlumat verilmiş, ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə aparıldığı bildirilmişdir.
Avropa Şurasının Azərbaycanda təmsil olunmasını regionda ən vacib və əhəmiyyətli hal kimi dəyərləndirən səfir ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu ifadə etmişdir. Xanım D.Filipoviç AŞ və onun strukturları, o cümlədən Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə Komissiya (CEPEJ), İşgəncələrin qarşısının alınması üzrə Komitə (CPT) və s. ilə Azərbaycan arasında sıx işgüzar əlaqələrin olduğunu bildirmiş, ölkəmizin AŞ Nazirlər Komitəsində qarşıdan gələn sədrliyi çərçivəsində keçirilən birgə tədbirlərin hər iki tərəf üçün əhəmiyyətini vurğulamışdır. Qonaq respublikamızda müxtəlif istiqamətlərdə, o cümlədən korrupsiya ilə mübarizə sahəsində uğurlu addımlar atıldığını qeyd etmiş, AŞ Bakı Ofisinin açıq və konstruktiv əməkdaşlıqda maraqlı olduğunu söyləyərək qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsinə hazır olduğunu bildirmişdir.
Söhbət zamanı Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının əhəmiyyəti qeyd olunaraq onun hazırlanmasında Ədliyyə Nazirliyinin fəal dəstəyi təqdir edilmiş, Planın AŞ Baş katibinin ölkəmizə səfəri zamanı keçiriləcək birgə təqdimatı ətrafında fikir mübadiləsi aparılmış, bu mühüm sənədin demokratiyanın daha da inkişafına, insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyi vurğulanmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.