Gənc ədliyyə işçiləri ilə görüş

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılan genişmiqyaslı islahatlar çərçivəsində həmçinin kadr korpusunun təkmilləşdirilməsi, yüksək hazırlıqlı yeni nəsil hüquqşünasların qulluğa qəbul olunmasına xüsusi diqqəti yetirilir.

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı açıq və şəffaflıq əsasında müsabiqələrin keçirilməsi davamlı xarakter almış, ötən müddətdə 10 belə müsabiqə keçirilmişdir.

İşə qəbulla bağlı ən sadə prosedurlar təsbit olunmuş, o cümlədən namizədlərin müsabiqədə iştirak etməsi üçün təkcə ərizə ilə müraciət etmək kifayətdir. Həmçinin, şəffaflığın tam təmin olunması üçün imtahanlar internetdə canlı yayımlanır.

2004-cü ildən aşkarlıq şəraitində keçirilmiş müsabiqə və müsahibələr əsasında 1500-dən çox layiqli mütəxəssis ədliyyənin müxtəlif sahələrinə təyinat almış, işə qəbul edilənlərin böyük əksəriyyəti məhz gənclərdir. Ümumiyyətlə, ədliyyə sistemində çalışanların təxminən 45%-ni gənclər təşkil edir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində növbəti müsabiqənin bütün mərhələlərindən, o cümlədən Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılışla əlaqədar icbari təlimdən uğur qazanaraq qulluğa qəbul edilmiş 56 gənc ədliyyə işçiləri ilə nazirliyin rəhbərliyinin görüşü keçirilmişdir.

Gənclər əvvəlcə Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə gül dəstələri düzmüş, dahi öndərin əziz xatirəsini ehtiramla anmışlar.

Ədliyyə Nazirliyində keçirilmiş tədbirdə nazir Fikrət Məmmədov çıxış edərək Azərbaycanın bugünkü uğurlu inkişafının təməlində dayanan, xalqın və dövlətin gələcəyinə işıq salan Heydər Əliyev dühasından, zəngin siyasi irsindən bəhs etmiş, ümummilli liderin müstəqilliyimizin qorunub saxlanmasında, milli dövlətçiliyimizin möhkəmləndirilməsində misilsiz xidmətlərindən, hüquqi dövlət quruculuğundan, müasir ədliyyə və məhkəmə sisteminin fəaliyyətinə yüksək qayğısından danışmış, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı üzrə qazanılan nailiyyətləri qeyd etmişdir.

Nazir ulu öndər Heydər Əliyevin yüksək mənəvi, intellektual keyfiyyətlərə malik Azərbaycan gəncliyinin formalaşdırılması və inkişafında xidmətlərini vurğulamış, dövlətçiliyə sədaqət ruhunda tərbiyə almaq, xalqına layiqli xidmətlər göstərmək, sağlam mənəviyyata malik olmaları ilə bağlı tövsiyələrini gənclərin diqqətinə çatdırmış, onlara gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Çıxış edən gənc ədliyyə işçiləri dahi öndər Heydər Əliyevin dinamik inkişaf yoluna çıxardığı müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi üçün əzmlə çalışacaqlarını, ümummilli liderimizin dövlət gənclər siyasətini uğurla davam etdirən ölkə başçısına layiqli yardımçı olacaqlarını söyləmişlər.

Gənclər əbədiyaşar liderimizin şərəfli həyatı, titanik fəaliyyəti, dövlətçilik irsini əks etdirən Heydər Əliyev muzeyi, habelə yeni foto və ekspozisiyalardan ibarət xüsusi hazırlanmış stendlə tanış olmuş, kinozalda ümummilli liderə həsr olunmuş filmə baxmışlar.

*   *   *

Bildirilir ki, nazirlik tərəfindən elan olunmuş növbəti müsabiqə üzrə yaxın vaxtlarda test imtahanı keçiriləcəkdir. Sənədlərin qəbulu prosesinin tezliklə başa çatacağını nəzərə alaraq gənclər müsabiqədə iştiraka dəvət olunur. 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez