16-05-2014 | 04:02 769
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı istiqamətində aparılan genişmiqyaslı islahatlar çərçivəsində penitensiar sistemin müasirləşdirilməsi üzrə xeyli işlər görülür, o cümlədən cəza siyasəti humanistləşdirilərək məhkumların hüquq və imtiyazları genişləndirilmiş, saxlanma şəraiti, tibbi və digər təminatları köklü surətdə yaxşılaşdırılmış, respublikanın müxtəlif regionlarında yeni müasir penitensiar infrastruktur yaradılır.
Bu məqsədlə ötən il Şəkidə konseptual baxımdan yeni olan və bir neçə müəssisəni əhatə edən yeni penitensiar kompleks istifadəyə verilmişdir. Qeyd olunmalıdır ki, bu gün Azərbaycanda məhkumların sosial reabilitasiyasının təmin olunmasına dair qəbul olunmuş qanunun icrası ilə əlaqədar bölgələrdə belə müəssisələrin inşa olunması məhkumların öz ailələrinə yaxın ərazidə cəzalarını çəkmələrinə, yaxınları ilə əlaqələrini mütəmadi qura bilmələrinə, gələcəkdə azadlığa buraxılanda onların öz ailələrinə, azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışının asanlaşmasına xidmət edir.
Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və daha yüngül rejimli müəssisəyə keçirilmə institutunun tətbiqi də ulu öndər Heydər Əliyevin humanizm siyasətinin uğurla inkişaf etdirilməsinin təzahürü olmaqla cinayət-hüquq siyasətinin humanizmliyini nümayiş etdirməklə cinayət törətmiş şəxslərin islah olunma prosesinin sürətləndirilməsinə, onların sosial adaptasiyasına geniş imkan yaradır. Bu institutun tətbiqi zamanı məhkumların törətdiyi cinayətə münasibəti, səmimi peşmançılığı, islah prosesinə qədəm qoyması, o cümlədən davranışı, əməyə, təhsilə nəzərə alınaraq onların vaxtından əvvəl azad edilməsinin və ya daha yüngül rejimli müəssisəyə keçirilməsinin mümkünlüyü ətraflı araşdırılır. Bununla əlaqədar qanunçuluq, obyektivlik və şəffaflıq prinsipləri əsasında Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar xidmətin təcrübəli məsul əməkdaşlarından, eləcə də geniş ictimaiyyətin nümayəndələri, millət vəkilləri və hüquq-müdafiəçilərdən ibarət formalaşdırılmış xüsusi Komissiya uğurla fəaliyyət göstərir, mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə baş çəkərək, məhkumların işlərini öyrənir, onlarla görüşür, hüquqı yardımlar göstərir, tərbiyəvi tədbirlər, maarifləndirmə və izahat işi aparır.
Növbəti belə tədbir mayın 16-da Şəki penitensiar kompleksində nazirliyin rəhbər işçilərinin, vətəndaş cəmiyyəti institutlarının və KİV nümayəndələrinin, habelə məhkumların valideynləri və yaxın qohumlarının iştirakı ilə keçirilmişdir. 30-dan çox məhkumun şəxsi işləri və digər aidiyyəti sənədlər hərtərəfli araşdırılmış, onlarla fərdi görüşülərək səmimi söhbətlər aparılmış, islah yoluna düşmüş məhkumların vaxtından əvvəl şərti azad olunmaları və ya cəzalarının qalan hissəsini daha yüngül rejimli müəssisədə çəkməsi ilə bağlı məhkəmə qarşısında məsələ qaldırılması məqsədəuyğun hesab edilmişdir.
Dəvət olunmuş valideynlər bu tədbirin qeyri-adiliyini vurğulamış, müstəsna şəffaflıqla seçilən və korrupsiya hallarının qarşısını alan bu yeni təcrübənin böyük məmnuniyyətlə qarşılandığını qeyd etmiş, islah yoluna düşmüş məhkumların sosial adaptasiyasına yaxından kömək edən Ədliyyə Nazirliyinin təşəbbüsünü yüksək qiymətləndirmişlər. Onlar dövlətimizin başçısı tərəfindən cəmiyyətin həssas təbəqələrindən olan məhkumların hüquqlarının qorunmasına daim xüsusi qayğı ilə yanaşılmasına, bölgələrdə, o cümlədən Şəkidə yeni müasir standartlara cavab verən penitensiar kompleksin istifadəyə verilməsinə və bununla da onların əlavə xərc çəkmədən və uzaq yol qət etmədən öz yaxınlarına rahat baş çəkə bilmələri üçün əlverişli imkanın yaradılmasına görə dərin minnətdarlıqlarını ifadə etmişlər.
Bununla yanaşı, Şəki penitensiar kompleksində "açıq qapı" günü keçirilərək məhkumların valideynləri və yaxınları müəssisə, xüsusilə məhbusların saxlanma kameralarında yaradılmış nümunəvi şəraiti, onların faydalı işlə məşğul olmaları, asudə vaxtlarının səmərəli təşkili, o cümlədən istehsalat, idman sahələri, tədris otaqları, yeməkxana ilə tanış olaraq məmnunluqlarını bildirmiş, penitensiar sistemin şəffaflığını, ictimaiyyət üçün açıq olmasını təqdir etmişlər.