Azərbaycan və Xorvatiya Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır

Beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi məqsədilə ölkəmiz tərəfindən xarici, xüsusilə Avropa İttifaqı dövlətləri ilə ikitərəfli münasibətlər qurulur. Bu məqsədlə Azərbaycan və Xorvatiya Ədliyyə nazirliklərinin nümayəndə heyətləri arasında danışıqlar aparılaraq əməkdaşlığa dair Memorandum layihəsi razılaşdırılmışdır. Həmin sənədin imzalanması məqsədilə Xorvatiya Respublikasının ədliyyə naziri Orsat Milyeniç nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlmişdir.

Xorvatiyanın nümayəndə heyəti mayın 19-da əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklik qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər düzülmüşdür. Qonaqlar həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək Əbədi məşəl abidəsi önünə əklil qoymuşlar.

Sonra nazir Orsat Milyeniç respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Azərbaycan və Xorvatiya arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd edən F.Məmmədov dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolunu, iki ölkənin ədliyyə orqanları arasında imzalanan Memorandumun hüquqi sahədə əlaqələrin inkişafına böyük təkan verəcəyini vurğulamışdır.

Respublikamızda ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı ədliyyə və məhkəmə islahatları barədə ətraflı məlumat verilmiş, bu sahədə xarici dövlətlərlə və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyəti vurğulanaraq, iki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğu bildirilmişdir.

Oxşar tarixi olan dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verdiyini bildirən nazir O.Milyeniç Azərbaycanın dinamik tərəqqisini, səfər zamanı bu inkişafın şahidi olduğunu vurğulamış, respublikamızda olmağından məmnun qalaraq, səfərin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir. Xorvatiyalı nazir ölkəsinin hüquq sistemi barədə məlumat vermiş, Azərbaycanda məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlara böyük maraq göstərərək əldə olunmuş nailiyyətləri təqdir etmiş, qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışdır. Azərbaycana səfərinin hüquqi sahədə əlaqələrin inkişafına töhfə verəcəyini bildirən qonaq əməkdaşlığın daha da genişləndirilməsi üçün dəstək verməyə hazır olduğunu söyləmişdir.

Söhbət zamanı həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalının ağır nəticələri və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı qonaqların xüsusi diqqətinə çatdırılmışdır.

Tədbirdən sonra Azərbaycan və Xorvatiya Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Nazirlər mərasimdə çıxış edərək bu mühüm sənədin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolunu qeyd etmiş, ədliyyə fəaliyyətinin müxtəlif istiqamətləri üzrə qarşılıqlı fəaliyyətin genişlənəcəyinə əmin olduqlarını söyləmişlər.

Nümayəndə heyəti nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, habelə Azərbaycan-Xorvatiya münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuş, qonaqlara müasir ədliyyə fəaliyyətini, həmçinin iki ölkə arasında hüquqi əlaqələri, habelə Azərbaycan dövləti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən xüsusi jurnallar təqdim edilmişdir.

Həmin gün xorvatiyalı nazir Ali Məhkəmədə və Məhkəmə-Hüquq Şurasında rəsmi görüşlər keçirmiş, ölkəmizdə aparılan məhkəmə və ədliyyə islahatlara böyük maraq göstərərək Yasamal Rayon Məhkəməsinin müasir informasiya texnologiyaları ilə təchiz olunmuş binası ilə tanış olmuş, habelə beynəlxalq standartlara uyğun inşa olunmuş Bakı istintaq təcridxanasına baş çəkmiş, yaradılmış şəraiti təqdir etmişlər.

Səfər çərçivəsində Xorvatiya nümayəndə heyətinin həmçinin, Azərbaycanın brendi olan ASAN xidmətin vətəndaş məmnunluğuna yönələn fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez