Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının təqdimat mərasimi olmuşdur

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinə, xüsusilə Avropaya sıx inteqrasiya etmiş, 2001-ci ildə 47 dövləti özündə birləşdirən Avropa Şurasına (AŞ) tamhüquqlu üzv olmuş, bir çox Avropa konvensiyalarına qoşulmuşdur.

Ötən müddətdə ölkəmizin AŞ və onun struktur qurumları ilə əməkdaşlıq münasibətləri yüksələn xətlə dinamik inkişaf etmiş, Avropa ekspertlərinin iştirakı ilə Azərbaycanda mütərəqqi genişmiqyaslı islahatlar həyata keçirilmiş və bir çox mühüm nailiyyətlər əldə olunmuş, cari ilin mayında AŞ Nazirlər Komitəsinə sədrlik Avstriyadan Azərbaycana keçmişdir. Eyni zamanda, Azərbaycan və AŞ-nın birgə təşəbbüsü ilə gələcək strateji prioritetləri müəyyən edən bu mötəbər təşkilatın 2014-2016-cı illər üzrə ölkəmiz üçün Fəaliyyət Planı hazırlanaraq qəbul olunmuşdur.

Qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsinə böyük önəm verən Avropa Şurasının Baş katibi Turbyorn Yaqland ölkəmizə səfərə gəlmiş, mayın 20-də Ədliyyə Nazirliyinin və AŞ-nın təşkilatçılığı ilə qeyd olunan Fəaliyyət Planının təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov, AŞ-nın Baş katibi Turbyorn Yaqland, Fəaliyyət Planı üzrə tərəfdaş olan dövlət qurumlarının məsul şəxsləri, ombudsman, millət vəkilləri, AŞ Parlament Assambleyasında daimi nümayəndə heyətinin üzvləri, eləcə də Avropa Şurasının və ona üzv dövlətlərin Azərbaycandakı diplomatik korpusunun təmsilçiləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları iştirak etmişlər.

Tədbirin açılışında ədliyyə naziri F.Məmmədov və Baş katib T.Yaqland giriş nitqi ilə çıxış etmişlər.

Nazir ölkəmizin Avropa Şurası ilə ilk təmaslarının ümummilli lider Heydər Əliyev tərəfindən qurulduğunu, bu əlaqələrin quruma üzv qəbul olunduqdan sonra müxtəlif istiqamətlərdə daha da genişləndiyini vurğulamış, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, o cümlədən qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, seçki sisteminin təkmilləşdirilməsi, yerli özünüidarənin inkişafı, mədəniyyətlərarası dialoqun təşviqi, həmçinin məhkəmə sisteminin və ədliyyə orqanlarının müasirləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və s. istiqamətlərdə görülmüş məqsədyönlü tədbirləri, həyata keçirilən islahatlarda Avropa Şurasının yaxından iştirakını və dəstəyini qeyd etmişdir. Fəaliyyət Planının qəbul olunması ilə ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldiyini deyən F.Məmmədov Planın əsas prioritetlərinə toxunaraq onun demokratiyanın daha da inkişafına, insan hüquqlarının etibarlı təminatına və qanunun aliliyinə xidmət edəcəyinə əminliyini ifadə etmişdir.

Avropa Şurasının Baş katibi çıxış edərək Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi dövrünə təsadüf edən Fəaliyyət Planının qəbul olunmasını ölkəmizin tarixində əlamətdar hadisə kimi dəyərləndirmiş, təqdimat mərasiminin keçirilməsinə görə Azərbaycan Hökumətinə minnətdarlığını ifadə etmişdir. Baş katib Fəaliyyət Planının əsas prioritetlərinə toxunaraq demokratik ölkələr üçün vacib olan insan hüquqlarının qorunmasında və korrupsiya ilə mübarizədə mühüm rol oynayan ədalət məhkəmə sisteminin təkmilləşdirilməsindən danışmış, Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığa töhfə olan Planın gerçəkləşməsindən məmnunluğunu bildirərək bu mühüm sənədin AŞ Bakı Ofisinin və tərəfdaş beynəlxalq təşkilatların dəstəyi ilə birgə icrasına nail olunacağını söyləmişdir.

Sonra Fəaliyyət Planının ayrı-ayrı istiqamətləri üzrə prezentasiya edilmiş, geniş müzakirələr aparılmışdır. Təqdimat mərasimində İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, AŞ PA-da daimi nümayəndəliyin rəhbəri Səməd Seyidov, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Malena Mard, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən çıxışlar edilərək Planın əhəmiyyəti, ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası, insan hüquqlarının təmin olunmasına dövlətimiz tərəfindən xüsusi diqqətin göstərilməsi, vətəndaş cəmiyyətinin inkişafı qeyd olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, torpaqlarımızın 20 faizinin Erməmistan tərəfindən işğalının ağır nəticələri tədbir iştirakçılarının xüsusi diqqətinə çatdırılmışdır.

Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının Azərbaycan və ingilis dillərində mətnləri iştirakçılara təqdim olunmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez