20-05-2014 | 04:02 873
Mayın 20-də ölkəmizdə səfərdə olan Avropa Şurasının Baş katibi Turbyorn Yaqland ilə respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun görüşü olmuşdur.
Avropa Şurası ilə sıx əməkdaşlığı qeyd edən nazir 2014-2016-cı illər üzrə qəbul olunmuş birgə Fəaliyyət Planının əhəmiyyətini və onun ikitərəfli əlaqələrə əlavə təkan verəcəyini vurğulamışdır.
F.Məmmədov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik islahatlar, o cümlədən məhkəmə sisteminin təkmilləşdirilməsi, yeni regional məhkəmələrin yaradılması, inzibati ədliyyənin uğurlu fəaliyyəti, hakimlərin Avropada ən şəffaf seçimi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə və s. görülən genişmiqyaslı tədbirlər barədə ətraflı məlumat vermişdir.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən cənab T.Yaqland Azərbaycan və Avropa Şurası arasındakı konstruktiv əməkdaşlığı qeyd etmiş, Fəaliyyət Planını səmərəli qarşılıqlı fəaliyyətin nəticəsi kimi qiymətləndirmiş, məhkəmə sistemində aparılan islahatları təqdir etmişdir.
Söhbət zamanı həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, bu baxımdan "İctimai iştirakçılıq haqqında" Qanunun mühüm əhəmiyyəti qeyd olunmuş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.