Zaqatala Rayon Məhkəməsinin yeni binasının təməli qoyulmuşdur

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir, bu məqsədlə məhkəmələrin yüksək statusuna uyğun müasir infrastruktur yaradılır.

Belə ki, son illər müasirliyi ilə fərqlənən və ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni məhkəmə binaları tikilib istifadəyə verilmiş, ölkəmizdə konseptual baxımdan yeni olan bir neçə məhkəməni əhatə edən məhkəmə komplekslərinin və binalarının təməli qoyularaq intensiv inşasına başlanılmışdır.

2012-ci ildə Zaqatala rayonunda baş vermiş zəlzələlər nəticəsində bir çox yaşayış və sosial obyektlərlə yanaşı, rayon məhkəməsinin binası da qəzalı vəziyyətə düşmüş və bununla əlaqədar təhlükəsizliyin təmin olunması məqsədilə məhkəmənin fəaliyyəti müvəqqəti olaraq digər binada davam etdirilmişdir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Zaqatala Rayon Məhkəməsi üçün torpaq sahəsi ayrılmış, yeni binanın layihələndirilməsi ilə bağlı və digər müvafiq hazırlıq işləri aparılmışdır.

İyunun 6-da Zaqatala Rayon Məhkəməsinin müasir inzibati binasının təməlqoyma mərasimi keçirilmişdir.

Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, habelə bölgənin hakimləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Tədbirdən öncə ümummilli liderimiz Heydər Əliyevin Zaqatala rayonundakı abidəsi ziyarət edilmiş, onun xatirəsi dərin ehtiramla yad olunmuşdur.

Ümumi sahəsi 2300 m2 olan 3 mərtəbədən və zirzəmidən ibarət yeni məhkəmə binası ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio- və video sistemlər, digər zəruri infrastruktur quraşdırılacaqdır.

Tədbir iştirakçıları Zaqatala Rayon Məhkəməsinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olmuş, məhkəmənin təməli qoyulmuşdur.

Mərasimdə çıxış edən ədliyyə naziri F.Məmmədov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə başçısının rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi barədə məlumat vermiş, son illər regionlarda 20-dək yeni məhkəmələrin yaradıldığını, hakimlərin sayının 2 dəfə artırıldığını, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimini, eləcə də hakimlərin maddi təminatının xeyli yaxşılaşdırıldığını qeyd etmişdir.

Bildirilmişdir ki, Dünya Bankı ilə birgə həyata keçirilən və dünyada ən uğurlu hesab olunan "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində artıq bir neçə yeni məhkəmə binaları tikilərək istifadəyə verilmiş və yeni komplekslər intensiv inşa olunmaqdadır.

Nazir zəlzələ nəticəsində zədələnmiş Zaqatala Rayon Məhkəməsi üçün yeni müasir binanın inşasının məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olmaqla məhkəmənin fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanlarının daha da asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyini qeyd etmişdir.

Həmçinin, məhkəmələrdə qabaqcıl İKT-lərin tətbiqinə toxunularaq, bu sahədə strateji prioritetləri müəyyən edən ölkə Prezidentinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunmuş, onun ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, aşkarlığın tam təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyi vurğulanmışdır.

Mərasimdə çıxış edənlər respublikamızın hərtərəfli inkişafına, məhkəmə sisteminin müasirləşdirilməsinə verdiyi müstəsna əhəmiyyətə və xüsusi qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Elə həmin gün regionun məhkəmə və ədliyyə orqanlarına, o cümlədən qeydiyyat, notariat və icra qurumlarına baş çəkilərək fəaliyyəti və problemləri ilə maraqlanılmış, iş şəraiti ilə tanış olunmuşdur.

Sonra bölgənin hakimləri və ədliyyə işçilərinin iştirakı ilə zona müşavirəsi keçirilmişdir.

Müşavirə zamanı ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər, o cümlədən qanunun aliliyinin təmin olunması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, habelə əmək və icra intizamının möhkəmləndirilməsi və qarşıda duran vəzifələr müzakirə olunmuş, vətəndaş-məmur münasibətlərinin ölkə Prezidentinin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, etik davranış qaydalarına dönmədən riayət olunması və korrupsiyaya şərait yaradan hallara yol verilməməsi, vətəndaşların müraciətlərinə daha həssas və qayğı ilə yanaşılması və s. aidiyyəti tövsiyə və tapşırıqlar verilmişdir.

Bununla yanaşı, icra məmurları tərəfindən icra prosesi zamanı insan hüquqlarına ciddi əməl olunması, məhkəmə qərarlarının vaxtında və dürüst icrası, işin yaxşılaşdırılması ilə bağlı konkret göstərişlər verilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez