Bakıda "Yerli demokratiya və gənclər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Mətbuatda xəbər verildiyi kimi, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Bakıda Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin rəhbər orqanı olan Büronun iclası keçirilmişdir. Həmin iclasda iştirak etmək üçün Konqresin rəhbərliyinin, o cümlədən prezidentinin, Büro üzvlərinin, eləcə də yerli özünüidarəetmə sahəsində müxtəlif dövlətlərin məsul şəxslərinin və nüfuzlu ekspertlərinin ölkəmizə səfəri nəzərə alınaraq Azərbaycanın sədrliyi çərçivəsində iyunun 18-də Konqreslə birgə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə "Yerli demokratiya və gənclər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransda Böyük Britaniya, Avstriya, İsveç, Belçika, Rusiya və Ukraynanın regional qanunverici və yerliözünüidarə orqanlarının rəhbərləri və yüksək ixtisaslı mütəxəssisləri, respublikamızın Ədliyyə Nazirliyinin rəhbərliyi, Milli Məclisin, Prezident Administrasiyasının, müxtəlif dövlət orqanlarının məsul şəxsləri, bələdiyyə assosiasiyalarının sədrləri, vətəndaş cəmiyyətinin təmsilçiləri, gənclər təşkilatlarının nümayəndələri, gənc bələdiyyə sədrləri və üzvləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkəmizdə milli insan hüquqları gününə təsadüf edən belə bir mötəbər konfransın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, Azərbaycan gəncliyinin hərtərəfli inkişafına yönələn qanunvericilik və institusional tədbirləri qeyd etmiş, demokratik cəmiyyətin inkişafında, gənclərin ictimai-siyasi həyatda fəal iştirakı, öz potensialından səmərəli istifadə etmələri üçün əlverişli şəraitin yaradıldığını bildirmişdir.

V.Zahirov Konqreslə səmərəli əməkdaşlığı vurğulayaraq yerli özünüidarəetmənin inkişafı, gənclərin demokratiyaya cəlb olunması sahəsində mütərəqqi təcrübənin öyrənilməsində Konfransın əhəmiyyətini qeyd etmişdir.

Konqresin prezidenti Herviq Van Staa təmsil etdiyi qurumun builki prioritetlərindən birinin məhz gənclər siyasəti ilə bağlı olduğunu vurğulamış, yerli demokratiyanın gücləndirilməsində gənclərinin rolunun artırılmasının vacibliyini önə çəkmiş, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətindən danışmışdır.

Açılışda, həmçinin Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Prezident Administrasiyası Regional və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi Bələdiyyələrlə iş sektorunun müdiri Kamran Bayramov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova giriş nitqi ilə çıxış etmişlər.

Sonra konfransda "Fundamental sosial hüquqlara gənclərin çıxış imkanlarının yaxşılaşdırılması: təhsil və təlim - məşğulluq - səhiyyə - yaşayış" və "İctimai həyatda gənclərin iştirakı: demokratiyaya gənclərin cəlb olunması" mövzusunda müzakirələr keçirilmişdir.

Müxtəlif dövlətlərdən olan ekspertlər, ölkəmizin gənclər təşkilatlarının nümayəndələri, gənc bələdiyyə sədrləri tədbirdə çıxış edərək yerli özünüidarəetmənin təşkili və fəaliyyəti, gənclərin bu sahədə iştirakı ilə bağlı milli təcrübələr barədə məlumatlar vermiş, faydalı fikir mübadiləsi aparmışlar.

Tədbirdə gənclərin ictimai həyatda, yerli və regional səviyyələrdə iştirakı və s. məsələlərlə bağlı beynəlxalq sənədlərə və şərhlərə dair broşüralar iştirakçılara təqdim olunmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez