04-07-2014 | 04:02 1527
Dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi, dövlət qurumları tərəfindən onların müraciətlərinə hər zaman qayğı və həssaslıqla yanaşılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən müasir İKT-lər və elektron xidmətlər geniş tətbiq olunmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinin baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
İyulun 4-də ədliyyə naziri Fikrət Məmmədov Siyəzəndə Şabran, Xızı, Abşeron, Siyəzən və digər rayonlarda yaşayan vətəndaşların qəbulunu keçirmişdir.
Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdır.
Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Həmçinin, Heydər Əliyev Mərkəzi ilə tanış olunmuşdur.
Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilmişdir.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.
Qəbul zamanı vətəndaşlar əhaliyə göstərilən qayğılı münasibətə, bölgələrdə qəbulların silsilə xarakter almasına, regionlarda yüksək sosial-iqtisadi şəraitin yaradılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.
Səfər zamanı ədliyyə naziri rayon məhkəməsinə və ədliyyə orqanlarına baş çəkərək, hakimlər və ədliyyə işçiləri ilə görüşmüş, onların fəaliyyəti və iş şəraiti ilə tanış olmuş, problemlərlə maraqlanmış, vətəndaş-məmur münasibətlərinin ölkə Prezidentinin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi və digər aidiyyəti tövsiyə və tapşırıqlarını vermişdir...