Ədalət mühakiməsinin səmərəliliyinin artırılması diqqət mərkəzindədir

Avropa Şurasının üzv dövlətləri məhkəmə və hüquq sistemlərini Avropa standartlarına uyğunlaşdırmaq məqsədilə mütərəqqi islahatlar həyata keçirir. Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, cəmiyyətdə məhkəmələrə inamın artırılması və ədalət mühakiməsinə çatımlılığın asanlaşdırılması üzrə məqsədyönlü və genişmiqyaslı islahatlar aparılır, bu sahədə Avropa Şurası, o cümlədən Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) ilə uğurlu əməkdaşlıq həyata keçirilir.

Mətbuatda xəbər verildiyi kimi, Azərbaycanda geniş vüsət almış məhkəmə islahatını, o cümlədən yeni, mütərəqqi təcrübələri yüksək dəyərləndirən CEPEJ öz Plenar iclasını ilk dəfə olaraq Strasburqdan kənarda - Bakı şəhərində keçirilməsini qərara almışdır. Həmin iclasda iştirak etmək üçün CEPEJ rəhbərliyi və üzvlərinin, habelə nüfuzlu, yüksək ixtisaslı xarici ekspertlərin ölkəmizə səfəri nəzərə alınaraq Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə CEPEJ-in fəaliyyətinə dair informasiya seminarı keçirilmişdir.

Seminarda CEPEJ-in və Ədliyyə Nazirliyinin rəhbərliyi, Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvləri, hakim assosiasiyalarının nümayəndələri, hakimlər, prokurorlar, vəkillər və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Azər Cəfərov ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda müasir üçpilləli məhkəmə sisteminin yaradıldığını, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə mühüm addımların atıldığını söyləmişdir. Qeyd etmişdir ki, dövlət başçısının rəhbərliyi ilə məhkəmə sisteminin genişmiqyaslı inkişafına başlanılaraq əhəmiyyətli qanunvericilik və institusional islahatlar aparılmaqla bu sahədə fəaliyyət Avropa standartlarına uyğunlaşdırılmış, bu zaman CEPEJ ilə sıx əməkdaşlıq edilmişdir.

Bildirilmişdir ki, islahatlar aparılarkən CEPEJ-in Avropa ölkələrində məhkəmə sistemlərinin müqayisəli təhlilini əks etdirən və islahatlar üçün "yol xəritəsi" sayılan hesabatlarından bəhrəlinələrək mühüm işlər görülmüş, o cümlədən ölkəmizdə 20-dək regional məhkəmələr təsis edilmiş, hakimlərin sayı iki dəfə artırılmış, onların Avropada ən şəffaf seçim qaydası təsbit olunmuşdur. Mütərəqqi konsepsiya əsasında məhkəmə fəaliyyətində İKT-lər geniş tətbiq olunur və intensiv müasir infrastruktur yaradılır.

CEPEJ-in prezidenti Con Steysi CEPEJ-in Plenar iclasının möhtəşəm təşkil olunduğunu və məhsuldar görüşlərin keçirildiyini vurğulamış, təmsil etdiyi qurumun Avropa məkanında məhkəmə-hüquq sistemlərinin təhlili, problemlərin araşdırılması üzrə fəaliyyəti barədə məlumat vermiş, bu sahədə islahatların aparılmasında Avropa Şurası üzv dövlətlərinə kömək edildiyini vurğulamış, səmərəli əməkdaşlıqda Azərbaycanın məhkəmə sahəsində mühüm nailiyyətlər əldə etdiyini qeyd etmiş, informasiya seminarının qabaqcıl təcrübələrin təşviqi baxımından əhəmiyyətindən danışmışdır.

Sonra seminarda CEPEJ-in vitse-prezidenti Georq Stava, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi, CEPEJ-in Azərbaycandan olan üzvü-eksperti Ramin Qurbanov məruzələrlə çıxış etmiş, dünyada getdikcə nüvuzu artan Avropa Komissiyasının səmərəli fəaliyyəti, Avropa dövlətlərində aparılan məhkəmə-hüquq islahatlarına töhfəsi, bu sahədə əldə olunmuş nailiyyətlərin öyrənilməsi və yayılması, habelə CEPEJ-in hesabatlarının mövcud olan çatışmazlıqların müəyyən edilməsi və təkmilləşdirilməsi yollarının araşdırılmasında rolu, ədliyyə və məhkəmə sahəsində Avropa standartlarının düzgün tətbiqinə köməklik göstərilməsi və s. barədə məlumat vermiş, müzakirələr aparılmışdır.

Müzakirələr zamanı tədbir iştirakçılarını maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilmiş, səmərəli fikir və təcrübə mübadiləsi aparılmış, əməkdaşlığın gələcək perspektivlərindən danışılmışdır.

Elə həmin gün CEPEJ-in üzvləri Ali Məhkəmənin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir binaları ilə tanış olaraq yaradılmış yüksək şəraitdən, o cümlədən qabaqcıl İKT-lərin geniş tətbiqindən heyran qalmışlar. Tanışlıq zamanı CEPEJ-in prezidenti demişdir: "Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası ilk dəfə öz tədbirini Strasburqdan kənarda, Azərbaycanda keçirir. Azərbaycanın məhkəmə islahatları ilə bağlı gördüyü iş, məhkəmə infrastrukturunun yenidən qurulması, müasirləşdirilməsi, son 23 il ərzində məhkəmə-hüquq islahatlarının nəticələri göz qabağındadır. Xüsusilə Azərbaycanda hakimlərin seçim proseduru Avropada nümunədir. Bu sahədə İKT-lərin, yeni təcrübələrin tətbiqi sahəsində müsbət nəticələr əldə edilib. Azərbaycan məhkəmə və ədliyyə islahatında QHT-lərin iştirakı praktikasını da uğurla tətbiq edir. Ən əsası Azərbaycan məhkəmə-hüquq islahatlarını düzgün istiqamətdə aparır".

Səfər zamanı CEPEJ-in vitse-prezidenti Georq Stava nazirliyin mətbuat xidmətinə açıqlama verərək öz təəssüratlarını bölüşmüşdür. "Qeyd etməliyəm ki, Avropa Şurasının CEPEJ-in Plenar iclasının Strasburqda deyil, Bakıda keçirilməsinə dair qərar qəbul etməsi müstəsna haldır. Tədbirin yüksək səviyyədə uğurla keçirilməsi bizim üçün də yaxşı təcrübə olmuşdur. Azərbaycanda bütün tədbirlərimiz möhtəşəm təşkil edilmiş və hər şey təsəvvür etmədiyimiz dərəcədə yüksək idi".

Ali Məhkəmə və Yasamal Rayon Məhkəməsinin müasir binaları ilə tanışlıqdan heyranlığını bildirən G.Stava vurğulamışdır ki, Azərbaycan bütün Avropa üzrə ən yaxşı təcrübələri toplayaraq məhkəmə hakimiyyətinin insanların maraqları naminə uğurla tətbiq edə bilmişdir, bu da CEPEJ-in əsas hədəflərindədir. 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez