18-08-2014 | 04:02 777
Nazirliyin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə namizədlərin, qaydalara müvafiq olaraq sənədlərinin toplanması və yoxlanılması prosesi başa çatmışdır.
"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılmış və onlarla söhbət keçirilməsinə 2014-cü ilin avqust ayının 25-dən etibarən başlanılacaqdır.
Bununla bağlı hər bir namizədlə Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada söhbət keçiriləcəkdir. Söhbətin tarixi və vaxtı barədə onlara əvvəlcədən məlumat veriləcəkdir.
Xatırladırıq ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaqdır.
Eyni zamanda bildiririk ki, nazirliyin penitensiar (Bakı şəhəri, Nizami küçəsi 114, www.penitensiar.justice.gov.az, tel: 493-64-41) və tibb xidmətlərinə (Bakı şəhəri, Bülbül prospekti 2, tel: 493-30-91), həmçinin Məhkəmə Ekspertizası Mərkəzinə (Bakı şəhəri, Xəqani küçəsi 14, www.expert.gov.az, tel: 498-09-71) qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu həmin qurumlarda fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.