Bakıda hakimlərin tədrisinə dair beynəlxalq konfrans keçirilir

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində məhkəmə sistemi xeyli təkmilləşdirilib, mütərəqqi qanunvericilik bazası yaradılıb, yeni regional məhkəmələr təsis edilib, infrastruktur müasirləşdirilib, hakimlərin ən şəffaf seçim qaydası təsbit olunub. Eyni zamanda, hakimlərin tədrisinə xüsusi diqqət yetirilərək, bu sahədə mütərəqqi Avropa təcrübəsinin öyrənilməsi məqsədilə səmərəli beynəlxalq əməkdaşlıq həyata keçirilir.

Sentyabrın 29-da Bakıda Ədliyyə Akademiyasının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə "Hakimlərin tədrisi ədalət mühakiməsinin səmərəliliyinin artırılması vasitəsi kimi" mövzusunda iki günlük beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. 

Konfransda Türkiyə, Almaniya, Niderland və Gürcüstandan olan təlim qurumlarının rəhbərləri, nüfuzlu ekspertlər, eləcə də mötəbər beynəlxalq təşkilatların təmsilçiləri, respublikamızın Ədliyyə Nazirliyinin rəhbərliyi, Ali Məhkəmənin, Baş Prokurorluğun məsul nümayəndələri, Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvləri, hakim assosiasiyaları, birinci instansiya, ixtisaslaşmış və apellyasiya məhkəmələrinin hakimləri, vəkillər və alimlər iştirak ediblər.

Tədbirdən öncə konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. İştirakçılar həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.

Konfransı giriş sözü ilə açan ədliyyə nazirinin müavini Azər Cəfərov tədbir iştirakçılarını salamlayıb, ölkədə həyata keçirilən və beynəlxalq aləmdə təqdir olunan genişmiqyaslı məhkəmə-hüquq islahatları, qanunvericilik və institusional tədbirlər barədə məlumat verib, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında hakimlərin davamlı tədrisinin əhəmiyyətini vurğulayıb, bu sahədə Avropa Şurası ilə səmərəli əməkdaşlığı qeyd edərək Məhkəmə-Hüquq Şurasında hakimlərin tədrisi sektorunun yaradıldığını, Ədliyyə Akademiyasında hakimlərin davamlı və hakimliyə namizədlərin uzunmüddətli tədris kurslarına cəlb olunmasını diqqətə çatdırıb.

Nazir müavini həmçinin, bir çox xarici dövlətlərə faydalı tədris səfərlərinin həyata keçirildiyini, İnsan hüquqları üzrə Avropa Məhkəməsi ilə səmərəli əməkdaşlığı vurğulayıb, qanunvericilikdə baş verən yeniliklərin, habelə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin, peşəkarlığın artırılmasının vacibliyini qeyd edib, hakimlərin tədrisində yeni metodologiyaların və müasir İKT-lərin tətbiqindən, milli təlimçilərin formalaşdırılması üzrə tədbirlərdən, gələcək hədəf və perspektivlərdən danışıb.

A.Cəfərov hakimlərin tədrisi sahəsində mütərəqqi təcrübənin öyrənilməsində Konfransın əhəmiyyətini vurğulayıb.

Açılışda həmçinin, GİZ-in "Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" regional proqramın rəhbəri Tomas Meyer, Almaniyanın ölkəmizdəki Səfirliyinin müvəqqəti işlər üzrə müvəkkili Volfqanq Mössinqer, Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç və Ədliyyə Akademiyasının rektoru əvəzi Elçin Xələfov çıxış ediblər.

Sonra konfransda hakimlər üçün təşkil olunan təlimlərin məhkəmə sisteminin müstəqilliyində, ədalət mühakiməsinin keyfiyyətinin səmərəliliyinin artırılmasında rolu, Azərbaycan hakimləri üçün təhsil sahəsində yeniliklər və digər mövzulara dair məruzələr dinlənilib.

Tədbirdə paralel keçirilən 2 iclasda hakimlərin təlimi ilə məşğul olan qurumların potensialının gücləndirilməsi və təlimçilərin seçilməsi, hazırlanması üçün təlim kursları mövzusunda müzakirələr aparılıb.

Növbəti gün konfransda qeyd olunan mövzular üzrə müzakirələrin nəticələrinə dair təqdimatlar keçiriləcəkdir.

Tədbir iştirakçılarının həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir İKT-lərlə təchiz olunmuş yeni binası ilə tanışlığı nəzərdə tutulur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez