Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 27-ci Plenar sessiyası keçirilib

Oktyabrın 14-16-da Strasburqda Avropa Şurası (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti 27-ci Plenar sessiyası keçirilib.

AŞ üzv dövlətlərinin 300-dən çox nümayəndəsinin iştirakı ilə keçirilən sessiyada AŞ Nazirlər Komitəsində sədrlik edən Azərbaycanın hökuməti adından respublikamızın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə iştirak edib.

Nazir əvvəlcə ölkəmizin sədrliyi çərçivəsində Avropa üçün aktual olan məsələlər və problemlər barədə danışıb. Çıxışda sədrlik dövründə dövlətimizin prioritetlərindən olan gəncliyin inkişafı, mədəniyyətlərarası dialoqun təşviqi, korrupsiya ilə mübarizəyə dair və s. tədbirlər qeyd edilib.

Həmçinin, ölkəmizdə yerli özünüidarəetmə orqanlarının inkişafına, bu sahədə Konqres tərəfindən verilən tövsiyələrin icrasına toxunan nazir ulu öndər Heydər Əliyev tərəfindən yerli demokratiyanın təşviqi, bələdiyyə institutunun formalaşdırılması istiqamətində mühüm addımların atıldığını, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yerli özünüidarəetmə sahəsində aparılan qanunvericilik və institusional islahatlar nəticəsində bələdiyyələrin fəaliyyətinin təkmilləşdiyini bildirib, bu işlərdə Konqresin dəstəyini qeyd edib.

Eyni zamanda, Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illər üzrə yeni qəbul olunmuş birgə Fəaliyyət Planının əhəmiyyəti, Plana uyğun olaraq yerli özünüidarəetmənin inkişafı ilə bağlı tədbirlərin implementasiyasına başlanıldığı qeyd olunub.

Çıxış zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt olunması nəticəsində hazırda işğal altında olan 20% ərazilərimizdə yerli özünüidarəetmənin təşkilinin mümkünsüzlüyü, Azərbaycanın qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq vətəndaşının özünüidarəetmə hüququndan məhrum olması tədbir iştirakçılarının xüsusi diqqətinə çatdırılıb.

Keçirilən müzakirələrdə Azərbaycanın ədliyyə naziri tərəfindən tədbir iştirakçılarının Avropa Şurasının fəaliyyəti, ölkəmizin bu qurumun Nazirlər Komitəsində sədrliyi, habelə bələdiyyələrin işinin səmərəli təşkili ilə bağlı görülən işlər barədə sualları ətraflı cavablandırılıb.

Növbəti gün Konqresin iclasında Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanda separatçılığa qarşı tədbirlər müzakirə olunub. Mövzu üzrə çıxış etmək üçün Azərbaycanın ədliyyə naziri dəvət olunub. Tədbirdə F.Məmmədov çıxış edərək belə bir mövzunun gündəmə gətirilməsinin əhəmiyyəti qeyd edib, separatizmin dünyada xaosa, sabitliyin pozulmasına gətirib çıxarmasını, ölkəmizin 20 ildən artıqdır ki, erməni separatizminin qurbanı olduğunu vurğulayıb. BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan azad olunması ilə bağlı 4 qətnaməsinin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb, beynəlxalq hüququn prinsiplərinin pozulmasına görə Ermənistana qarşı sanksiyaların qəbul edilməsinə çağırıb.

İclasın sonunda məsələ ilə bağlı Bəyannamə qəbul olunub. Sənəddə ölkəmizin təklifləri əsasında Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanda mövcud olan münaqişələrin həll olunmasında ərazi bütövlüyü, suverenlik və beynəlxalq tanınmış sərhədlərin toxunulmamazlığı prinsiplərinin mütləq olduğu vurğulanıb.

Plenar sessiyada həmçinin Konqresə yeni prezidentin seçkisi keçirilib, qurumun vitse-prezidenti, Fransanın senatoru Jan-Klod Frekon qurumun yeni prezidenti seçilib.

Tədbir zamanı Azərbaycan, o cümlədən 2016-cı il gəncliyin paytaxtı olacaq Gəncə ilə bağlı foto sərgi təşkil olunub, sərgidə nümayiş olunan ekspozisiyalar maraqla qarşılanıb.

Konqres çərçivəsində ədliyyə naziri Fikrət Məmmədovun Avropa Şurasının Baş katibi Turbyorn Yaqlandla görüşü olub.

Görüşdə Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlıq, Azərbaycanda aparılan məhkəmə-hüquq sisteminin inkişafına yönələn islahatlar, o cümlədən elektron məhkəmənin yaradılması, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası, Məhkəmənin presedent hüququnun öyrənilməsi, habelə qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Tədbirlərdə ədliyyə nazirinin müavini Vilayət Zahirov, həmçinin nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə, ədliyyə nazirinin köməkçisi Adil Əbilov, Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi, Konqresdə Azərbaycan milli nümayəndə heyətinin katibi Qədir Xəlilov iştirak ediblər.

Eyni zamanda, ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov tədbirlərdə iştirak edib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez