21-10-2014 | 04:02 998
Dövlət başçısı cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə Azərbaycanda ümumbəşəri sosial bəla olan korrupsiya ilə sərt mübarizə aparılır, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əməkdaşlığa mühüm əhəmiyyət verilir. Ölkəmiz BMT-nin dəstəyi ilə yeni yaradılmış və Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) nizamnaməsinə xüsusi qanunla qoşulub, Akademiyanın tamhüquqlu üzvü olub, sıx əlaqələr qurulub, o cümlədən Azərbaycan vətəndaşları IACA-nın magistraturasında təhsil alırlar.
Səmərəli qarşılıqlı fəaliyyət nəticəsində IACA-nın ali qurumu - üzv dövlətlərinin assambleyasının üçüncü sessiyasının Bakıda keçirilməsi qərara alınıb.
Ali qonaqların iştirakı nəzərdə tutulan bu mötəbər tədbirin təşkili məsələlərinin müzakirəsi üçün Akademiyanın icraçı katibi Martin Kroytner başçılıq etdiyi geniş nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlib.
Oktyabrın 21-də M.Kroytnerlə görüşən ədliyyə naziri Fikrət Məmmədov ölkəmizin Akademiya ilə səmərəli əməkdaşlığını vurğulayıb, korrupsiyaya qarşı mübarizənin dövlətimizin əsas prioritetlərindən olduğunu, bu sahədə əməli tədbirlərin həyata keçirildiyini qeyd edərək IACA-nın üçüncü sessiyasının beynəlxalq antikorrupsiya fəaliyyətinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Həmçinin, nazir vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının rəhbər orqanı - İcraiyyə Komitəsində M.Kroytnerlə birgə təmsil olunduğunu nəzərə alaraq bu qurumun da sessiyada iştirakının əhəmiyyətini vurğulayıb.
Azərbaycana cari ildə növbəti dəfə səfərindən məmnunluğunu ifadə edən M.Kroytner Akademiyanın sürətli inkişafını və artıq dünya əhalisinin 2/3-ni əhatə etdiyini qeyd edib, ölkəmizin IACA-ya qoşulduğu vaxtdan onun işində fəal təşəbbüskarlığını, assambleyanın sessiyasına Azərbaycanın ev sahibliyi etməsini təqdir edib, bu tədbirin Akademiyanın təşkilat kimi daha da möhkəmlənməsinə böyük təkan verəcəyini bildirib, ölkəmizin bu işdə dəstəyini yüksək qiymətləndirib.
Söhbət zamanı Bakı sessiyasının yüksək səviyyədə keçiriləcəyinə və IACA-nın üzv dövlətləri üçün faydalı olacağına əminlik ifadə olunub.
Görüşdə ölkəmizin Avstriyadakı səfiri, Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov iştirak edib.