Dünya Bankı və Azərbaycan Hökuməti arasında ədliyyə sahəsində yeni layihə imzalanıb

Ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə respublikamızda genişmiqyaslı məhkəmə-hüquq islahatları aparılır, ədalət mühakiməsinə çatımlılıq, vətəndaşların məhkəmələrə müraciət imkanları xeyli asanlaşdırılır, məhkəmə infrastrukturu yüksək statusuna uyğun müasirləşdirilir, bu zaman qabaqcıl dünya təcrübəsinin tətbiqi üçün nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edilir.

Belə ki, Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının tərəqqisini və uğurlu nəticələrini görən Dünya Bankı maliyyə dəstəyinin göstərilməsinə dair təşəbbüs irəli sürüb və 2006-2014-cü illər üzrə həyata keçirilən Ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, 4 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilib, 7 məhkəmə üçün bina və komplekslərin inşası başa çatmaq üzrədir. Tikilən binalar içərisində Bakı şəhəri Yasamal, eləcə də Oğuz rayon məhkəmələrinin açılışlarında dövlət başçısı cənab İlham Əliyev şəxsən iştirak edərək görülən işləri təqdir edib.

Layihə çərçivəsində həmçinin, Konstitusiya və Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi müasir informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə təmin olunub, məhkəmə sisteminin vahid internet portalı yaradılıb, hakimlər, ədliyyə və məhkəmə aparatı işçilərinin İKT üzrə biliklərinin artırılması məqsədi ilə 1.500-dən artıq şəxs təlimlərə cəlb olunub.

Dünya Bankı tərəfindən ən uğurlu layihələrindən hesab olunan bu layihə "Azərbaycan Respublikası vətəndaşlarına yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması" nominasiyasında qalib gəlib və müxtəlif dövlətlər ölkəmizin bu təcrübəsindən bəhrələnməyə maraq göstəriblər. Layihənin uğurlu nəticələri Dünya Bankı ilə əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaradıb və yeni daha iri həcmli birgə Layihənin keçirilməsi barədə razılıq əldə olunub.

Bununla əlaqədar ölkəmizin yüksək səviyyəli nümayəndə heyəti Dünya Bankının Vaşinqtonda yerləşən iqamətgahına, eləcə də Bankın peşəkar mütəxəssislərindən ibarət bir neçə missiya Bakıda səfər edib, müvafiq dövlət orqanları ilə müzakirələr aparılaraq Layihə razılaşdırılıb.

Oktyabrın 22-də Nazirlər Kabinetində Baş nazirin müavini Abid Şərifovun yanında Dünya Bankı və Azərbaycan Hökuməti arasında "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" adlı yeni layihənin imzalanması mərasimi keçirilib. Layihəni Azərbaycan Respublikası adından ədliyyə naziri Fikrət Məmmədov, Dünya Bankı adından Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenko imzalayıblar.

Layihənin keçirilməsində məqsəd məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmə sisteminin yaradılması, ədalət mühakiməsinin həyata keçirilməsinin sürətləndirilməsi, elektron hüquqi xidmətlərin genişləndirilməsi ilə ədliyyə sisteminə dair vətəndaşların məmnunluğunun artırılmasını təmin etməkdir.

Layihə çərçivəsində yeni məhkəmə və məhkəmə komplekslərinin tikintisi, elektron məhkəmə informasiya sisteminin və digər qabaqcıl İKT-lərin geniş tətbiqi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının yüksəldilməsi, hüququn müxtəlif sahələri üzrə vətəndaşların məlumatlılığının artırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez