Azərbaycanın nailiyyətləri və haqlı mövqeyi beynəlxalq aləmdə dəstəklənir

Mətbuatda xəbər verildiyi kimi, bu günlərdə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 27-ci Plenar sessiyası keçirilmişdir. Sessiyada ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi geniş nümayəndə heyəti təmsil etmişdir. Konqresin keçirilmiş sessiyası və aparılan müzakirələr barədə ətraflı məlumat almaq üçün müxbirimiz Azərbaycan nümayəndə heyətinin üzvü, Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadədən müsahibə almışdır.

- Mehdi müəllim, ölkəmizin səmərəli əməkdaşlıq etdiyi Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin 27-ci Plenar sessiyasında Azərbaycanın iştirakı nədən ibarət idi və sessiyada hansı məsələlər müzakirə olunmuşdur?

- Əvvəla məlumat vermək istərdim ki, Avropa Şurasının üç əsas qurumlarından biri olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi 1994-cü ildə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən təsis olunmuşdur. 47 üzv dövlətin yerli və regional hakimiyyət orqanlarının nümayəndələri bu qurumda təmsil olunurlar. Avropa ailəsinin fəal üzvü olan Azərbaycan da Avropa Şurasına üzv qəbul olunduqdan sonra Konqreslə sıx əlaqələr qurmuş, qarşılıqlı fəaliyyət çərçivəsində bir sıra mühüm nailiyyətlər əldə olunmuşdur. Hazırda ölkəmiz Konqresdə fəal təmsil olunur və qurumun işində yaxından iştirak edir. Bu il fəaliyyətinin 20 illiyini qeyd edən Konqresin əsas məqsədi üzv dövlətlərdə yerli demokratiyanın inkişafına, regionlararası əməkdaşlığın gücləndirilməsinə, yaxşı təcrübələrin öyrənilməsi və tətbiqinə səmərəli töhfələr verməkdir. Bu baxımdan ölkəmizdə yerli özünüidarəetmənin inkişafı, bələdiyyələrinin fəaliyyətinin təkmilləşdirilməsi, yeni mexanizmlərin, o cümlədən bələdiyyələrin milli assosiasiyalarının yaradılması və digər tədbirlərdə Konqresin fəal dəstəyi xüsusi qeyd olunmalıdır.

Konqresin ötən həftə keçirilmiş sessiyasına gəlincə isə ilk öncə qeyd etmək istərdim ki, Konqresin nizamnamə orqanlarından biri olan Plenar sessiya qurumun ildə iki dəfə Strasburqda çağırılan ali orqanıdır və orada ən əsas sənədlər -məruzələr, hesabatlar, tövsiyələr, qətnamələr dinlənilir və qəbul edilir.

Bildiyiniz kimi, ölkəmiz cari ilin mayından ilk dəfə olaraq Avropa Şurası Nazirlər Komitəsinə sədrlik kimi mühüm və tarixi missiyanı həyata keçirir. 27-ci Plenar sessiya da sədrliyimiz dövründə keçirilən tədbirlər sırasına daxil edilmişdir. Bu baxımdan Azərbaycan həmin tədbirdə Avropa Şurası Nazirlər Komitəsində sədrlik edən ölkə kimi çıxış etməli idi. Eyni zamanda, sessiyada Konqresin 2012-ci ildə Azərbaycanda keçirdiyi monitorinqin nəticələri üzrə tövsiyələrin icrasına dair görülmüş işlərin müzakirəsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konqresin dəvətinə əsasən respublikamızın ədliyyə naziri Fikrət Məmmədov həm Azərbaycan Hökuməti adından, həm də bələdiyyələrin fəaliyyətinin təşkili üzrə məsul qurumun rəhbəri kimi sessiyada iştirak və çıxış etmək üçün geniş nümayəndə heyəti ilə Strasburqda səfərdə olmuşdur. Nümayəndə heyətinə ədliyyə nazirinin müavini Vilayət Zahirov və nazirliyin digər məsul şəxsləri daxil edilmişdir.

Tədbirdə iştirakımız zamanı ədliyyə naziri ingilis dilində çıxış edərək əvvəlcə sədrliyimiz çərçivəsində Avropa üçün aktual olan məsələlər və problemlər barədə danışmış, Nazirlər Komitəsi üçün hazırda prioritet olan Ukraynadakı vəziyyətə toxunaraq bildirmişdir ki, Avropa Şurası bu məsələnin sülh yolu ilə həlli üçün öz dəstəyini əsirgəmir və bütün tərəfləri beynəlxalq hüququn prinsiplərinə əməl etməyə çağırır. Konqres də Ukraynadakı vəziyyəti yaxından izləyir və qurumun missiyasının bu ölkəyə səfəri yerli demokratiya sahəsində bir sıra tövsiyələrə yol açmışdır.

Eyni zamanda, sədrlik dövründə dövlətimizin prioritetlərindən olan gəncliyin inkişafı, mədəniyyətlərarası dialoqun təşviqi, korrupsiya ilə mübarizəyə dair və s. tədbirlər sessiya iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Məlumat üçün deyim ki, Konqresin 2014-cü il üçün bəyan etdiyi mühüm mövzu məhz gənclərlə bağlıdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı nitqində qeyd etdiyi kimi bu, həmçinin Azərbaycan üçün prioritetdir.

Bununla əlaqədar sədrlik çərçivəsində bir sıra mühüm tədbirlər, o cümlədən  Ədliyyə Nazirliyi tərəfindən Konqreslə birgə Bakıda "Yerli demokratiya və gənclər" mövzusunda beynəlxalq konfrans təşkil olunmuş, yerli özünüidarəetmə sahəsində gənclərin rolunun artırılmasına dair müzakirələr keçirilmiş və milli təcrübələr barədə faydalı fikir mübadiləsi aparılmışdır.

Yeri gəlmişkən qeyd edim ki, tədbir Konqresin paytaxtımızda keçirilmiş Büro iclası ərəfəsində baş tutmuş, bu tədbir də yerli demokratiyanın inkişafına öz töhfəsini vermişdir. Həmçinin, Konqresin prezidenti Herviq Van Staa məhsuldar ikitərəfli görüşlər keçirmiş, xüsusilə o, dövlətimizin başçısı tərəfindən qəbul olunmuşdur.

Məlumat üçün bildirim ki, Strasburqda Plenar sessiya zamanı Konqresə yeni prezidentin seçkisi keçirilmiş və qurumun vitse-prezidenti, Fransanın senatoru Jan-Klod Frekon Konqresin yeni prezidenti seçilmişdir.

Yeri gəlmişkən, sədrliyimizin digər prioriteti olan mədəniyyətlərarası dialoqun təşviqinə həsr olunmuş tədbirlərdə Konqres də yüksək səviyyədə təmsil olunmuş və qurumun prezidenti J.K.Frekon fəal iştirak etmişdir.

İclasda sədrliyimizin prioritetlərindən danışılarkən korrupsiya ilə mübarizə məsələlərinə də xüsusi diqqət yetirilmişdir. Bu istiqamətdə beynəlxalq səviyyədə ciddi addımlar atmış bir ölkə olaraq, Azərbaycan sədrlik dövründə yüksək səviyyəli beynəlxalq antikorrupsiya konfransına ev sahibliyi etmişdir. Eyni zamanda, gələn ay Bakıda növbəti tədbirin - BMT-nin təşəbbüsü ilə yaradılmış və dünya əhalisinin üçdə ikisini əhatə edən Beynəlxalq Antikorrupsiya Akademiyasının ali qurumu olan üzv dövlətlərinin assambleyasının üçüncü sessiyasının keçirilməsi planlaşdırılır.

- Qeyd etdiniz ki, Plenar sessiyada həm də Konqresin Azərbaycanla bağlı tövsiyələrinin icrası üzrə görülmüş işlər dinlənilmişdir. Bununla bağlı nə deyə bilərsiniz?

- Elədir. Avropa Şurası üzv dövlətlərinin 300-dən çox nümayəndəsinin qatıldığı sessiyada ölkəmizdə yerli özünidarəetmə orqanlarının inkişafına dair görülmüş mütərəqqi tədbirlər barədə geniş məlumat verilmiş, bu zaman Konqresin 2012-ci ildə Azərbaycanda keçirdiyi monitorinqin nəticəsi üzrə qəbul olunmuş müvafiq tövsiyələrin icrasına xüsusi diqqət yetirilmişdir.

Qeyd olunmalıdır ki, Konqresin tövsiyələrinə uyğun olaraq Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin artırılması, bələdiyyə qanunvericiliyinin daha da təkmilləşdirilməsi, bələdiyyə assosiasiyalarının işinin səmərəliliyinin artırılması və s. məsələlər öz əksini tapmışdır.

Bildirməliyəm ki, F.Məmmədov sessiyada çıxış edərkən ölkəmizdə yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığını, dövlət başçısının sərəncamları ilə təsdiq olunmuş açıq hökumətin təşviqi, insan hüquqlarının müdafiəsi, korrupsiya ilə mübarizə üzrə milli fəaliyyət planlarında, xüsusilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bələdiyyələrin potensialının gücləndirilməsi, onların fəaliyyətində şəffaflığın təmin olunması və s. tədbirlərin prioritet təşkil etdiyini vurğulamışdır.

Eyni zamanda, Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illər üzrə yeni qəbul olunmuş birgə Fəaliyyət Planının əhəmiyyəti, Plana uyğun olaraq yerli özünüidarəetmənin inkişafı ilə bağlı tədbirlərin implementasiyasına başlanıldığı qeyd olunmuşdur.

Qeyd etmək istərdim ki, Konqresin dəstəyi ilə qısa müddət ərzində yaradılmış bələdiyyələrin milli assosiasiyalarının fəaliyyəti xeyli təkmilləşmiş və sessiyada onların aparıcı qüvvəyə çevrildiyi bildirilmişdir. Belə ki, bu gün assosiasiyalar məsləhətləşmələrdə fəal iştirak etməklə önəmli təşəbbüslər irəli sürür, araşdırmalar aparır, ən yaxşı təcrübələri yayır, dövlət orqanları və QHT-lərlə yaxşı əlaqələr qururlar.

Konqresin "Avropada yerli demokratiya həftəsi" ümumavropa təşəbbüsünə qoşulan Azərbaycan bələdiyyələri tərəfindən keçirilən tədbirlər ənənəyə çevrilmiş, və ölkəmizin bu sahədə yüksək fəallığı Avropa Şurası tərəfindən xüsusi qeyd edilmişdir.

Sessiyada bələdiyyələrin üzv və qulluqçularının biliklərinin artırılması üzrə tədbirlər də diqqətə çatdırılmış, bu sahədə Ədliyyə Nazirliyi tərəfindən görülən işlər, o cümlədən ildə 6.000 bələdiyyə üzvünü və qulluqçusunu əhatə edən 100-dən çox maarifləndirmə və təlim tədbirlərinin keçirildiyi, çoxsaylı metodiki vəsaitlərin hazırlanaraq bələdiyyələrə göndərildiyi bildirilmişdir. Eyni zamanda, tədrisin keyfiyyətini daha da yüksəltmək məqsədilə hazırda bələdiyyə üzvləri və əməkdaşları üçün təlimin keçirildiyi Ədliyyə Akademiyasının potensialının möhkəmləndirilməsi üzrə Avropa İttifaqı ilə mühüm layihələr həyata keçirilir.

Həmçinin, geniş maarifləndirmə işləri aparılır: "Bələdiyyə həyatı" adlı xüsusi qəzet buraxılır, televiziya və radioda verilişlər gedir, yerli özünüidarə orqanlarının normativ aktlarının Bülleteni çap edilir.

Məlumat verilmişdir ki, konqresin tövsiyələrinə uyğun olaraq qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər paketi hazırlanaraq Milli Məclisə təqdim olunmuş və cari ilin iyununda bələdiyyələrin maliyyə imkanlarının artırılması, vergi məsələləri ilə bağlı müasir texnologiyaların imkanlarından istifadə olunması, dövlət tərəfindən bələdiyyələrə maliyyə yardımlarının ayrılması prosedurunun təkmilləşdirilməsi, şəffaflığın artırılması və s. tədbirləri əhatə edən müvafiq qanunlar qəbul olunmuşdur.

Nazir tərəfindən qeyd olunan bir məsələyə də xüsusi diqqətinizi cəlb etmək istərdim. Bələdiyyələrin tərkibi ilə bağlı maraqlı və xoş bir tendensiya müşayiət olunur. Bu da Konqres və Azərbaycan sədrliyinin prioritetləri ilə üst-üstə düşən gənclərin iştirakı ilə əlaqədardır. Belə ki, son seçkilərdə gənclərin sayı əhəmiyyətli dərəcədə artaraq 30% çatmışdır. Bu artım eyniliklə qadınlara münasibətdə də aydın görünür. Bu, heç də az əhəmiyyətli məsələ deyil. Bilirsiniz ki, bələdiyyə seçkiləri günü artıq bəllidir, dekabrın 23-də ölkəmizin həyatında mühüm bir mərhələyə qədəm qoyulacaqdır. Ümid edirik ki, növbəti seçkilərdə də göstərilən tendensiya davam edəcəkdir.

Bundan əlavə, 2014-cü ildə bələdiyyələrdə pilot layihə çərçivəsində elektron "Bələdiyyə Vergi İnformasiya Sistemi" quraşdırılaraq pilot layihə qaydasında tətbiqinə başlanılmış, eyni zamanda, bələdiyyə fəaliyyətinə dair zəruri məlumatları əhatə edən vahid internet portalın yaradılması da qarşımızda duran prioritetlərdəndir.

Çıxış zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt olunması və bu ərazilərdə yerli özünüidarəetmənin təşkilinin mümkünsüzlüyü, qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq vətəndaşımızın özünüidarəetmə hüququndan məhrum olması tədbir iştirakçılarının xüsusi diqqətinə çatdırılmışdır.

Sonra Plenar sessiyada müzakirələr keçirilərək tədbir iştirakçılarının ümumavropa problemləri, xüsusilə insan hüquqlarının təminatı, ayrı-seçkiliyin qarşısının alınması, gəncliyin inkişafı, Konqresin fəaliyyət istiqamətlərinə aid olan beynəlxalq konvensiyalara qoşulması, eləcə də Avropa Şurasının fəaliyyəti, ölkəmizin bu qurumun Nazirlər Komitəsində sədrliyi, habelə bələdiyyələrin fəaliyyəti ilə bağlı sualları nazir tərəfindən ətraflı cavablandırılmışdır.

Eyni zamanda, səfər zamanı ədliyyə naziri Avropa Şurasının baş katibi Torbyorn Yaqland və Konqresin Prezidenti Jan-Klod Frekonla görüşlər keçirilmiş, nazirin həmsöhbətləri əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə aparılan islahatlara dəstəyin göstərilməsini qeyd etmiş, Azərbaycanın Avropa Şurası üçün mühüm tərəfdaş olduğunu söyləmişlər.

- Mehdi müəllim, Konqresin növbəti günkü iclasında seperatçılığa qarşı tədbirlərin müzakirələrdə Azərbaycan tərəfinin iştirakı barədə nə deyə bilərsiniz?

- Əvvəla onu deyim ki, iclasda Ukrayna, Gürcüstan və Moldovada seperatçılığa qarşı tədbirlərin müzakirəsi nəzərdə tutulmuşdur. Lakin nəzərə alsaq ki, ölkəmiz də 20 ildən çoxdur erməni separatizmindən əziyyət çəkir, bu baxımdan sessiyada Azərbaycanda bu ağrılı problemlə bağlı vəziyyətin müzakirəsi olduqca vacib idi. Bununla əlaqədar Azərbaycan tərəfi bu məsələnin iclasın gündəliyinə salınması üçün Konqresin Bürosuna təşəbbüs irəli sürmüşdür. Lakin Ermənistan tərəfi hər vəchlə buna qarşı çıxmağa cəhdlər göstərsə də, ölkəmizin təkidli müraciətləri nəticəsində, eyni zamanda Konqreslə səmərəli əməkdaşlıq münasibətlərimiz, eyni zamanda ədliyyə nazirinin Konqresin işində iştirakı nəzərə alınaraq bu məsələnin müzakirəsi iclasın gündəliyinə salınmışdır.

Mövzu üzrə ədliyyə naziri tərəfindən çıxış edilərək öz müqəddəratını təyinetmə prinsipindən separatizmə haqq qazandırmaq üçün istifadənin mümkünsüzlüyünü, ölkəmizin erməni separatizminin qurbanı olduğunu vurğulanmış, BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan azad olunması ilə bağlı 4 qətnaməsinin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırmış, separatizmin və silahlı münaqişələrin baş qaldırmasına, özbaşınalıq və cəzasızlıq hissi yaradan "ikili standartlardan" imtina etməyin vacibliyini bildirərək, beynəlxalq hüququn prinsiplərinin pozulmasına görə Ermənistana qarşı sanksiyaların qəbul edilməsinə çağırmışdır.

İclasın sonunda məsələ ilə bağlı Bəyannamə qəbul olunmuşdur. Qeyd etməliyəm ki, sənəd ətrafında aparılan müzakirələr zamanı Azərbaycan tərəfi, o cümlədən Konqresdəki nümayəndə heyətimiz fəal iştirak etmiş və Sənəddə ölkəmizin təklifləri əsasında Avropa Şurasına üzv dövlətlərdə mövcud olan münaqişələrin həll olunmasında ərazi bütövlüyü, suverenlik və beynəlxalq tanınmış sərhədlərin toxunulmamazlığı prinsiplərinin mütləq olduğu vurğulanmışdır. Bundan əlavə, səsvermədən öncə Azərbaycan tərəfdən daha bir təkliflə çıxış edilərək "dövlətlər" sözü əvəzinə konkret olaraq Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın adının salınmasına dair təşəbbüs irəli sürülmüşdür. Ermənistan nümayəndə heyətinin kəskin etirazlarına baxmayaraq, ölkəmizin bu təklifi də böyük əksəriyyətlə qəbul olunmuşdur. Beləliklə, Bəyannaməyə əsasən seperatçılıqdan əziyyət çəkən ölkələr sırasına Azərbaycanın da adı daxil edilmişdir.

Ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov və nümayəndəliyin əməkdaşları tədbirlərdə yaxından iştirak edərək fəallıq nümayiş etdirmişlər.

 Bu gün Azərbaycanın Avropa Şurası və digər beynəlxalq qurumlarda mövqeyi daha da möhkəmlənir və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun günbəgün artdığını təsdiq edir. Bu, Azərbacanın beynəlxaql aləmdə növbəti qələbəsidir.

Müsahibəni aldı:
R.Həsənov

iacca
iap
business ready
eplc
Ən Tez