27-10-2014 | 04:02 1126
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində məhkəmə sistemi xeyli təkmilləşdirilib, mütərəqqi qanunvericilik bazası yaradılıb, yeni məhkəmələr təsis edilib, infrastruktur müasirləşdirilib, hakimlərin ən şəffaf seçim qaydası təsbit olunub. Eyni zamanda, hakimlərin tədrisinə böyük diqqət yetirilərək, bu sahədə mütərəqqi Avropa təcrübəsinin, xüsusilə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi məqsədilə səmərəli beynəlxalq əməkdaşlıq həyata keçirilir.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində bu günlərdə keçirilmiş İnsan hüquqları üzrə Avropa Konvensiyasının milli səviyyədə implementasiyasına dair beynəlxalq konfransda iştirak etmək üçün Avropa dövlətləri Ali məhkəmələrinin, eləcə də Avropa Məhkəməsinin sədr və hakimlərinin, insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu alimlərin ölkəmizə səfərləri nəzərə alınaraq onların zəngin bilik və təcrübəsindən faydalanmaq üçün azərbaycanlı hakimlər və prokurorlar üçün tədris tədbirləri keçirilib.
Ədliyyə Nazirliyinin dəvətinə əsasən ölkəmizə səfər etmiş İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sabiq hakimi, Niderlandın Milli Mətbuat Şurasının sədri, bir çox nüfuzlu beynəlxalq-hüquqi təşkilatların məsul üzvü, insan hüquqları üzrə müxtəlif dərslik və vəsaitlərin müəllifi, Amsterdam Universitetinin professoru Eqbert Meyer Ədliyyə Akademiyasının, Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin birgə təşkil etdiyi treninqdə mühazirələrlə çıxış edib.
40-dək bütün instansiya məhkəmələri hakimlərinin və dövlət ittihamçılarının iştirak etdiyi tədbirlərdə "Avropa Məhkəməsinin fikir ifadə etmək azadlığına dair presedent hüququ" və "Məhkəmə etikası" mövzuları üzrə mühazirələr dinlənilib.
Müasir tədris metodu üzrə keçirilən mühazirələr zamanı mövzulara dair Strasburq Məhkəməsinin son presedentləri və qərarları, müşayiət olunan tendensiyalar, habelə beynəlxalq, o cümlədən BMT-nin standartları barədə məlumat verilib, müzakirələr aparılaraq hakimləri və prokurorları maraqlandıran suallar ətraflı cavablandırılıb.
E.Meyer Azərbaycanda hakimlərin və digər hüquqşünasların hazırlığından və tədrisin səviyyəsindən məmnun qaldığını vurğulayaraq Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi və tətbiqinə xüsusi diqqət yetirilməsini təqdir edib.