Malayziya ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə önəm verir

Noyabrın 18-də ədliyyə naziri Fikrət Məmmədov Bakıda keçirilən Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) üzv dövlətlərinin assambleyasının üçüncü sessiyasında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlmiş Malayziya Krallığının naziri Paul Low Seng Kuanın rəhbərlik etdiyi və tərkibində Korrupsiyaya qarşı müstəqil Komissiyasının sədri Abu Kassim Mohamedin olduğu nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan və Malayziya arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir F.Məmmədov bu ilin sentyabrında Malayziya Baş nazirinin ölkəmizə səfərinin və imzalanmış mühüm sənədlərin bu əlaqələrə böyük təkan verdiyini vurğulayıb. Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı sərt mübarizə aparıldığı, bu sahədə qanunvericilik və institusional tədbirlər, o cümlədən Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzlərinin vətəndaş məmnunluğuna yönələn fəaliyyəti diqqətə çatdırılıb.

Nazir korrupsiya ilə mübarizədə mühüm rol oynayan məhkəmə-hüquq sisteminin inkişafından, infrastrukturun müasirləşdirilməsindən, elektron məhkəmənin və qabaqcıl İKT-lərin tətbiqi üzrə görülən işlərdən danışıb, hakimlərin Avropada ən şəffaf seçimini qeyd edib, vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının 2012-ci ildə Malayziyada VI İllik Konfransının yüksək səviyyədə keçirilməsini, Assosiasiyanın İcraiyyə Komitəsində Abu Kassim Mohamed ilə səmərəli qarşılıqlı fəaliyyəti vurğulayıb.

Azərbaycana ilk dəfə səfərindən məmnunluğunu və respublikamızın hərtərəfli dinamik tərəqqisindən heyranlığını ifadə edən qonaq ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, Azərbaycanın IACA-nın assambleyasının sessiyasına ev sahibliyi etməsinə görə təbrik edib. Malayziyalı nazir ölkəsinin beynəlxalq əməkdaşlığa mühüm önəm verdiyini bildirərək, Azərbaycanla müsbət təcrübələrin bölüşdürülməsinin əhəmiyyətini qeyd edib, korrupsiya ilə mübarizə tədbirlərini, hakimlərin seçimini şəffaflığına görə təqdir edib.

Görüşdə hüquqi sahədə, korrupsiya ilə mübarizədə əməkdaşlığa dair fikir mübadiləsi aparılaraq yaxşı təcrübələrin mübadiləsinin hər iki tərəf üçün faydası qeyd olunub.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez