25-11-2014 | 04:02 635
Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində məhkəmə sistemi daha da təkmilləşib, yeni məhkəmələr təsis olunub, hakimlərin ən şəffaf seçim qaydası müəyyən edilib, bu sahədə potensialın və infrastrukturun müasirləşdirilməsi üzrə xeyli işlər görülüb. Dövlət büdcəsi hesabına hazırda respublikanın müxtəlif bölgələrində yeni müasir məhkəmə binaları inşa olunur.
Bu sahədə islahatların mütərəqqiliyi və uğurlu nəticələri nüfuzlu beynəlxalq qurumlarının, o cümlədən Dünya Bankının diqqətini cəlb edib. Bununla əlaqədar Dünya Bankı dəstək göstərmək təşəbbüsü irəli sürərək ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr həyata keçirilib və bir sıra mühüm nailiyyətlər əldə olunub.
Layihə çərçivəsində ən müasir tələblərə cavab verən vahid konsepsiya əsasında 33 məhkəməni və 18 icra qurumunu əhatə edən məhkəmə kompleksləri və binalarının layihələri hazırlanıb. Layihələndirmə üçün yeni unikal kompüter proqramı yaradılıb ki, zəruri məlumatlar (hakimlərin, baxılan işlərin və əhalinin sayı və s.) daxil edilərkən proqram özü binanın layihəsini hazırlayır, mərtəbələrin, zalların sayını və s. müəyyən edir. Artıq bu layihələrin bir çoxunun inşası aparılıb, 5 rayon məhkəməsinin yeni inzibati binaları istifadəyə verilib. Tikilən binalar içərisində Bakı şəhəri Yasamal, eləcə də Oğuz rayon məhkəmələrinin açılışlarında dövlətimizin başçısı şəxsən iştirak edərək görülən işləri təqdir edib, müvafiq tövsiyə və tapşırıqlarını verib.
Gələn ilin əvvəllərində isə ölkəmizdə konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən, beş məhkəməni əhatə edən Şəki və üç məhkəmənin yerləşdiyi Bakı şəhəri Sabunçu Məhkəmə Komplekslərinin istifadəyə verilməsi planlaşdırılır. Bu komplekslər "bir qapı" prinsipi ilə fəaliyyət göstərərək ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcəkdir.
Eyni zamanda, müasir məhkəmə binaları vətəndaşlarla qeyri-prosessual münasibətlərin qarşısını almağa xidmət edən ayıca girişə malik inzibati və ictimai zonalara bölünüb. İnzibati zona hakimlər və məhkəmə işçiləri üçün, ictimai zona isə vətəndaşlar, icra məmurları, dövlət ittihamçıları və vəkillər üçün nəzərdə tutulur.
BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyasına uyğun olaraq əlillərin sərbəst hərəkəti üçün də bütün şərait yaradılıb, girişdə əlillərin daxil olması üçün qaldırıcı qurğu quraşdırılıb, gözdən əlillərin sərbəst hərəkəti üçün döşəməyə xüsusi örtüklər vurulub və ictimai zonada bütün otaqların adlarını əks etdirən xüsusi lövhələr yerləşdirilib.
Müasir İKT-lərin ədalət mühakiməsinin səmərəliliyinə və xidmətlərin göstərilməsinin keyfiyyətinə və operativliyinə təsiri nəzərə alınaraq Dünya Bankı ilə birgə layihə çərçivəsində xüsusi strategiya hazırlanıb. Məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur yaradılıb, təhlükəsizlik sistemləri quraşdırılıb. Tətbiq olunan İKT-lər məhkəmə proseslərinin keyfiyyətinin yüksəldilməsinə, o cümlədən sübutların və müxtəlif sənədlərin nümayiş etdirilməsinə, habelə proses iştirakçılarının məhkəməyə gəlmədən dindirilməsinə əlverişli imkan yaradır. Zallarda həmçinin, təqsirləndirilən şəxslər dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq standartlara uyğun xüsusi ayrılmış şüşə otaqlarda saxlanılır.
Eyni zamanda, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığın təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları, o cümlədən köşklər, lövhələr quraşdırılıb ki, bu da vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan yaradır. Həmçinin, müasir gözləmə yerləri, elektron növbəlilik sistemi quraşdırılıb, vətəndaşlara bank, poçt və tibb xidmətindən istifadə etmək üçün əlverişli şərait yaradılıb, körpə uşaqlı valideynlər üçün xüsusi otaqlar ayrılıb.
Vətəndaşlara hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı (www.courts.az) yaradılıb. Bu portal vasitəsilə vətəndaşlar məhkəmələrə onlayn rejimində müraciət etmək və cavab almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, qəbul günləri və s. barədə ətraflı məlumat almaq imkanına malikdirlər.
Bütün bunlar dövlət başçısının tapşırığına əsasən "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üzrə tədbirlərin mühüm tərkib hissəsi kimi nəzərdə tutulur.
Həmçinin, tətbiq olunan yeniliklər və nailiyyətlər Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli şəxsləri, xarici ölkələrin ədliyyə nazirləri tərəfindən böyük maraqla və heyranlıqla qarşılanır və bu təcrübədən bəhrələnmək üçün digər dövlətlərdən müraciətlər daxil olur, Azərbaycana səfər etmək arzusu bildirilir. Dünya Bankının ədliyyə sahəsində layihələrindən ən uğurlu hesab etdiyi bu layihə çərçivəsində yaradılan müasir məhkəmə infrastrukturunun səviyyəsi, qurumun ekspertlərinin rəyinə görə, hətta Avropa standartlarını üstələyir.
Artıq Dünya Bankı ilə birgə görülən işlərin müsbət nəticələri əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaradıb və ötən ay Bank və Azərbaycan Hökuməti arasında ədliyyə naziri Fikrət Məmmədov və Dünya Bankının Azərbaycandakı ofisinin rəhbəri xanım Larisa Leşçenko tərəfindən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" adlı yeni daha irihəcmli layihə imzalanıb.
Artıq layihənin implementasiyasına başlanılıb və onun keçirilməsində məqsəd gələcəkdə də məhkəmə-hüquq sahəsində davamlı inkişafı təmin etməklə məhkəmə infrastrukturunun daha da müasirləşdirilməsinə, elektron məhkəmənin və digər qabaqcıl İKT-lərin geniş tətbiqinə ədalət mühakiməsinin həyata keçirilməsinin sürətləndirilməsinə, elektron hüquqi xidmətlərin genişləndirilməsinə nail olmaqdır.
Müstəqil məhkəmə hakimiyyətinin təmin olunmasına xidmət edən bu islahatlara əlavə töhfə olaraq bu günlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikası məhkəmə infrastrukturunun müasirləşdirilməsi sahəsində Dünya Bankı ilə birgə görülən işlərə həsr olunmuş poçt markaları buraxılıb. Nəfis dizaynda tərtib olunmuş 12 poçt markasının üzərində ayrı-ayrılıqda birinci instansiya, ixtisaslaşmış və apellyasiya məhkəmələrinin bina və komplekslərinin təsviri əks olunub. Ədliyyə işçilərinin peşə bayramı günü ilə əlaqədar keçirilən yığıncaqda ədliyyə naziri tərəfindən həmin markaların təqdimatı keçirilib.
Bu da Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatlarının dünya ictimaiyyəti üçün yeni formada əyani nümayişidir.