Azərbaycan mötəbər beynəlxalq qurumların fəal iştirakçısıdır

Ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 120-yə yaxın dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli əməkdaşlıq edir və uzun müddətdir Təşkilatın ali orqanlarında təmsil olunmaqla, xüsusi fəallığı ilə fərqlənir.

Noyabr ayının 23-dən 27-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Assosiasiyanın İllik yığıncaqları, o cümlədən BPA-nın rəhbər orqanları olan İcraiyyə Komitəsinin və Senatın iclasları keçirilib.

Tədbirlərdə ölkəmizi Assosiasiyanın fəxri üzvü və senatoru, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi, BPA-nın İcraiyyə Komitəsinin üzvü Kamran Əliyev, həmçinin Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Ruslan Hacıyev, Baş prokurorun köməkçisi Orxan İsayev, ədliyyə nazirinin köməkçisi Adil Əbilov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli daxil ediliblər.

Konfransın təntənəli açılışında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, baş nazir, Dubay Əmirliyinin rəhbəri şeyx Məhəmməd bin Rəşid Al Maktum iştirak edib. Mərasimdə Assosiasiyanın ərəb dilində saytının təqdimatı keçirilib. Qeyd olunmalıdır ki, BPA-nın internet saytı ingilis, fransız və rus dillərində mövcud idi və rus dilində səhifə 10 ildən çoxdur ölkəmiz tərəfindən aparılır.

Mərasimin sonunda şeyx Məhəmməd bin Rəşid Al Maktum nümayəndə heyətlərinin başçıları ilə xatirə şəkli çəkdirib.

Dünyanın 100-ə qədər dövlətindən 500-ə yaxın nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin qatıldığı bu mötəbər tədbirdə Dubayın Baş prokuroru Essam Essa Al Humaidan və Assosiasiyanın prezidenti Qerhard Yaroş giriş nitqi ilə çıxış ediblər. Konfransda qanunun aliliyi, şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə, beynəlxalq əməkdaşlıq, yuvenal ədliyyə, müasir İKT-lərin tətbiqi və digər aktual məsələlər müzakirə edilib.

Müzakirələrdə nümayəndə heyətimizin üzvləri tərəfindən fəal iştirak edilib, dövlətimizin başçısı cənab İlham Əliyevin qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan sərt mübarizə tədbirləri, əldə olunmuş nailiyyətlər vurğulanıb, şəffaflığın təmin olunması ilə bağlı yaxşı təcrübələrə həsr olunmuş seminarda ölkə rəhbərinin təşəbbüsü ilə yaradılaraq Azərbaycan brendinə çevrilmiş "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinə dair A.Cəfərli tərəfindən təqdimat keçirilib, video-çarx nümayiş etdirilib, əyani vəsaitlər paylanılıb. "ASAN xidmət"in vətəndaş məmnunluğuna yönələn fəaliyyəti, korrupsiyanın qarşısının alınmasında önəmli rolu tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanaraq təqdir olunub.

Senatın iclasında iştirak edən nazir F.Məmmədov Assosiasiyanın gələcək inkişafı, mühüm və mürəkkəb məsələlərin həllində Senatın rolu, yeni perspektivlər və s. məsələlər üzrə çıxış edərək konkret təkliflər verib və onlar qəbul ediliblər. Eyni zamanda, İcraiyyə Komitəsinin iclasında təşkilati məsələlərə baxılıb, tədbirdə K.Əliyev iştirak edib. Ümumi Yığıncaqda isə İcraiyyə Komitəsi üzvlərinin yerinə seçkilər keçirilib, habelə təltif olunma mərasimi təşkil olunub və Azərbaycan nümayəndə heyətinin üzvü R.Hacıyev Assosiasiyanın işində fəal iştirakına görə BPA-nın Xüsusi Xidmətlər Sertifikatına layiq bilinib.

Tədbir çərçivəsində həmçinin, Assosiasiyada Antikorrupsiya Şəbəkəsinin yaradılması qərara alınıb, Azərbaycanın BPA-nın fəaliyyətinə verdiyi dəyərli töhfələr, eləcə də beynəlxalq antikorrupsiya mübarizəsində təşəbbüskarlığı nəzərə alınaraq həmin şəbəkənin və hazırlanacaq müvafiq saytın idarə edilməsi ölkəmizə etibar olunub.

Bütün tədbirlər media tərəfindən geniş işıqlandırılıb.

Konfrans zamanı BƏƏ, Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstanın Baş prokurorları, bir sıra digər dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri, beynəlxalq təşkilatların məsul nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

iacca
iap
business ready
eplc
Ən Tez