12-12-2014 | 04:02 881
Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Ümummilli Liderin müstəqil dövlətimizin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz fəaliyyəti hər zaman qədirbilən xalqımız tərəfindən dərin minnətdarlıqla qeyd olunur, əziz və işıqlı xatirəsi əbədi ehtiramla və məhəbbət hissi ilə yad edilir.
Müasir Azərbaycan ədliyyəsinin inkişafında danılmaz rolu olan ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə orqanlarında geniş anma mərasimləri təşkil olunub, əməkdaşlar, həmçinin ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədən uğurla keçmiş və hazırda Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmuş namizədlər nazirlikdə Heydər Əliyev muzeyi və yaradılmış xüsusi stend ilə tanış olub, kinozalda dahi öndərə həsr olunmuş filmlərə baxıblar. Bu ərəfədə namizədlər, Heydər Əliyev Mərkəzində olaraq onlara Ümummilli Liderin zəngin həyat yolu və fəaliyyəti, müasir Azərbaycan tarixində müstəsna xidmətləri barədə dolğun faktlar və eksponatlar əyani nümayiş etdirilməklə ətraflı məlumat verilib.
Ulu Öndərin yüksək ideallarına daim sadiq qalan ədliyyə işçiləri dekabrın 12-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə tər çiçəklər düzüb, sonsuz ehtiramlarını bildiriblər.
Davam edən tədbirlər çərçivəsində Ədliyyə Nazirliyində Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib. Tədbirdən öncə ədliyyə işçiləri dahi şəxsiyyətin nazirlikdəki büstü önünə gül dəstələri qoyublar.
Anma mərasimini açan ədliyyə naziri Fikrət Məmmədov bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı həyat yolundan, əsrlər boyu xalqımıza xidmət edəcək zəngin irsindən bəhs edib, dahi öndərin memarı olduğu müstəqil Azərbaycan dövlətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı və sürətli inkişafını, respublikamızın bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemində nailiyyətlərini vurğulayıb, dahi öndərin irsinin gənc nəsilə çatdırılmasında və geniş təbliğ olunmasında Heydər Əliyev Fondunun çoxşaxəli nəcib və xeyirxah fəaliyyətini qeyd edib.
Nazir ədliyyə işçilərinin ölkə başçısının ətrafında sıx birləşərək demokratik-hüquqi dövlət quruculuğu, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunması naminə daha böyük məsuliyyətlə və əzmkarlıqla çalışacaqlarına əminliyini ifadə edib.
Tədbirdə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev çıxış edərək Ulu Öndər ilə bağlı xoş xatirələrindən bəhs edib. Heydər Əliyevlə keçirdiyi görüşləri, danışıqları, xoş və yaddaqalan təəsüratlarını bölüşən M.Quliyev Ümummilli Liderin çətin tarixi şəraitdə xilaskarlıq missiyasından, ölkədə dövlət çevrilişlərinin, mütəşəkkil cinayətkarlığın qarşısının alınmasında fədakar xidmətlərindən danışaraq ümummilli liderin işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib.
Nazirliyin Bələdiyyələrlə iş Mərkəzinin rəisi, Türk Dünyası Bələdiyyələr Birliyinin həmsədri Mehdi Səlimzadə çıxış edərək Birlik tərəfindən İstanbulda buraxılmış "Türk dünyası" kitabını nümayiş etdirib. Bildirilib ki, nəşrdə türk dünyasının çoxəsrlik tarixi dövründə maraqlı faktlar, tarixdə əbədi iz qoyan türk xalqının 12 öndəri, o cümlədən Atilla, Dədə Qorqud, Çingiz xan, Mustafa Kamal Atatürk və ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətləri ilə bağlı məlumatlar təqdim olunur. Ədliyyə işçilərinin böyük marağına səbəb olan kitab nazirlikdə Heydər Əliyev muzeyinə bəxş edilib.
Mərasimdən sonra nazirlikdə ehsan süfrəsi təşkil olunub.