Ədliyyə Nazirliyinin Kollegiyasında

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə kollegiya iclası keçirilib.

Kollegiyada ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, 2014-cü ildə Azərbaycanın müstəqil, güclü və dinamik inkişaf edən ölkə statusunu daha da möhkəmləndirməsi, davamlı sosial-iqtisadi tərəqqiyə nail olunması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, dövlətimizin beynəlxalq imicinin günbəgün yüksəlməsi, demokratik hüquqi dövlət quruculuğunda, xüsusilə məhkəmə-hüquq sistemində mütərəqqi islahatların aparılması və əldə olunan nailiyyətlər qeyd edilib. Ölkə Prezidentinin ədliyyə sisteminə göstərdiyi yüksək diqqət və qayğısı, ötən ay peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçisinin ali xüsusi rütbələrə, fəxri adlara, orden və medallara layiq bilinməsi vurğulanaraq, təltif olunmuş əməkdaşlara nazir F.Məmmədov tərəfindən bu yüksək dövlət mükafatları təqdim edilib. Dövlət təltifinə layiq bilinmiş əməkdaşlar çıxış edərək, onlara göstərilən bu yüksək etimadı bundan sonra da doğruldacaqlarını söyləyib, ölkə rəhbərinə dərin minnətdarlıqlarını ifadə ediblər.

İclasda bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər müzakirə edilərək bildirilib ki, dekabrın 23-də azad, demokratik, ədalətli və şəffaf şəraitdə 1607 bələdiyyə üzrə 15 mindən çox bələdiyyə üzvlüyünə seçkilər keçirilib, aşkarlığın təmin edilməsi məqsədi ilə səsvermə prosesi 1000 məntəqədə quraşdırılmış veb-kameralar vasitəsilə canlı yayımlanıb. Vətəndaş fəallığı ilə baş tutan seçkilərdə 1.9 milyona yaxın seçici iştirak edib.

Bələdiyyələrin milli (şəhər, kənd və qəsəbə) assosiasiyalarının iştirakı ilə keçirilmiş tədbirdə həmçinin, Azərbaycan bələdiyyələrinin elektron portalının təqdimatı keçirilib.

Bələdiyyə fəaliyyətinə dair bütün zəruri məlumatları əhatə edən portalın yaradılması təşəbbüsü Ədliyyə Nazirliyi tərəfindən cari ilin yayında bələdiyyə sədrlərinin III ümumrespublika toplantısında irəli sürülərək onun qısa müddətdə hazırlanmasına nail olunub. Portalda vətəndaşlar yerli özünüidarəetmə orqanlarına onlayn rejimində müraciət etmək, bələdiyyələr, bələdiyyə assosiasiyaları, onların dislokasiyası və fəaliyyətinə dair məlumatlar, statistik göstəricilər, həyata keçirdikləri xidmətlər və s. barədə ətraflı informasiya almaq imkanı əldə edəcəklər. Eyni zamanda, gələcəkdə seçkilərin fərdi nəticələri bəlli olduqdan sonra bütün bələdiyyə üzvləri haqqında məlumatların da portalda yerləşdirilməsi nəzərdə tutulur.

Bələdiyyələrin milli assosiasiyalarının sədrləri çıxışlar edərək son dövlər yerli özünüidarə orqanlarının inkişafı üzrə görülən işləri təqdir edib, nazirlik tərəfindən bələdiyyələrə metodoloji yardımın göstərilməsinin, geniş hüquqi maarifləndirmə işinin aparılmasının bu sahədə hüquq pozuntularının qarşısının alınmasında əhəmiyyətini qeyd ediblər. Bildiriblər ki, belə bir portalın yaradılması bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılmasına, əhali ilə əlaqələrin güclənməsinə və onlara ictimai marağın artmasına xidmət edəcəkdir.

Kollegiyada müasir İKT-lərin köməyi ilə əyani şəkildə nümayiş etdirilən portalın təkmilləşdirilməsinə dair təkliflər səsləndirilib.

Bununla yanaşı qeyd olunub ki, cari ildə yerli özünüidarəetmə orqanlarının inkişafı üzrə mühüm addımlar atılıb, beynəlxalq təsisatlarla, o cümlədən Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi ilə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilib, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə mühüm tədbirlər təşkil olunub.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzəyə də baxılıb. Bildirilib ki, 2014-cü ildə inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 54.000-ə çatıb, onlardan 1700-dən çoxu nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Bələdiyyə aktlarının surətlərinin qanunvericiliyə uyğun olaraq vaxtında təqdim edilməməsinə görə 266 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Bələdiyyənin fəaliyyətində aşkar edilmiş ciddi hüquq pozuntuları ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 40 material prokurorluğa göndərilib. Bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 3.300 hektara yaxın torpaq sahəsi geri qaytarılması təmin olunub. Məruzənin Milli Məclisə təqdim olunması barədə qərar qəbul olunub.

Eyni zamanda, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsi, mövcud nöqsan və çatışmazlıqların səbəblərinin təhlil olunub aradan qaldırılması, metodiki yardımın səviyyəsinin artırılması, regional ədliyyə şöbələrinin imkanlarından səmərəli istifadə olunması üzrə və digər tapşırıqlar verilib.

Kollegiyada nazirliyin Tibb baş idarəsi tərəfindən görülmüş işlərə dair hesabatı dinlənilib.

Qeyd olunub ki, dövlət başçısının rəhbərliyi ilə ədliyyə islahatları çərçivəsində cəza-icra siyasəti xeyli humanistləşdirilib, məhkumların saxlanma şəraiti, tibb və dərman təminatı əsaslı şəkildə yaxşılaşdırılıb, penitensiar müəssisələr yeni tibb avadanlığı ilə təchiz olunub.

Cari ildə məhkumların və təqsirləndirilən şəxslərin keyfiyyətli tibbi xidmətlə təminatı üzrə tədbirlər davam etdirilib, penitensiar müəssisələrdə ölüm hallarının kəskin sürətdə azalması müşahidə olunub. Ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm 15 dəfə, vərəmdən ölüm isə 60 dəfədən çox azalıb. Həmçinin, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə sıx əməkdaşlıqda penitensiar müəssisələrdə vərəmlə mübarizədə müsbət təcrübə əldə olunub və Azərbaycanın bu sahədə yüksək nailiyyəti dünyada təqdir olunaraq ötən il BMT-nin İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyası tərəfindən ölkəmizin penitensiar sistemində vərəmə nəzarət proqramı Səhiyyə Mükafatına layiq görülüb. Artıq 15-ə yaxın dövlətin məsul nümayəndələri müsbət təcrübəmizdən bəhrələnmək məqsədilə Bakıya səfərlər ediblər.

Kollegiyada tibb xidməti sahəsində görülmüş işlərlə yanaşı, fəaliyyətin təkmilləşdirilməsi məsələləri müzakirə olunub, o cümlədən tibbi yardım və sanitariya təminatının daha da yaxşılaşdırılması, məhkumların sağlamlığının mühafizəsi və müvafiq preventiv tədbirlərin görülməsi, tibb infrastrukturunun müasirləşdirilməsi, vakant ştat vahidlərinin komlektləşdirilməsi və s. üzrə aidiyyəti tapşırıqlar verilib.

Eyni zamanda, iclasda ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlərin nəticələri müzakirə olunub, növbəti il üçün yeni əsas prioritetlər, o cümlədən vətəndaşların qəbulu işinin müasir İKT-lər tətbiq olunmaqla təkmilləşdirilməsi, məhkəmə və ədliyyə, o cümlədən penitensiar infrastrukturun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, vətəndaş məmnunluğunun yüksəldilməsi üzrə əlavə tədbirlərin görülməsi, vətəndaş cəmiyyəti institutları ilə, habelə beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi və digər konkret tədbirlər müəyyən edilib.

Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez