28-01-2015 | 04:02 970
Dövlət başçısı İlham Əliyevin yanvarın 27-də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda vətəndaş-məmur münasibətləri, dövlət məmurları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, onların qayğılarına həssaslıqla yanaşılması, kobud rəftara, korrupsiya hallarına yol verilməməsi ilə bağlı tələblərindən irəli gələn vəzifələr nazir müavini Vilayət Zahirovun iştirakı ilə vətəndaşlarla daha çox təmasda olan ədliyyə qurumlarında - icra, habelə notariat və qeydiyyat baş idarələrində dərhal müzakirə olunub.
Qeyd olunub ki, ötən il icra işlərinin sayının kəskin artaraq təxminən 300 minə çatmasına baxmayaraq, görülmüş tədbirlər nəticəsində onların 70 faizinin icrası təmin edilib, qalanları üzrə isə işlər davam etdirilir.
Bu zaman məhkəmə qərarlarının icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 3406 borclu şəxs inzibati məsuliyyətə cəlb olunub, həmçinin 204-ü barəsində cinayət işi başlanılıb, 3121 borclu şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra edən 930 şəxs barəsində belə məhdudiyyət götürülüb. İcra sənədlərinin icrası nəticəsində hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin məbləği artaraq ötən ildə 113 milyon manatdan çox təşkil edib.
Bakı və Sumqayıt şəhərlərinin və ətraf rayonların icra qurumları rəhbərlərinin, nazirliyin istintaq və digər aidiyyəti qurumlarının iştirakı ilə keçirilmiş müşavirədə həmçinin, mövcud problemlər və çatışmazlıqlar, o cümlədən icra məmurları tərəfindən əmək və icra intizamının, etik davranış qaydalarının pozulması halları, icra tədbirlərinin vaxtında həyata keçirilmədiyi, süründürülməsi və bunun da vətəndaşların haqlı narazılığına səbəb olduğu qeyd olunaraq bildirilib ki, xidmətin 42 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 4 nəfər ədliyyə orqanlarından xaric olunub.
Tədbirdə icra məmurları tərəfindən vətəndaşlara qayğılı münasibət göstərilməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, məsuliyyət hissinin artırılması, qulluqla bir araya sığmayan hərəkətlərin aradan qaldırılmasına dair qəti tapşırıqlar verilib.
Eyni zamanda, qeydiyyat və notariat sahəsi ilə bağlı işlər müzakirə olunarkən bildirilib ki, respublikamızın sürətli sosial-iqtisadi yüksəlişi, əhalinin həyat şəraitinin xeyli yaxşılaşması mülki hüquq münasibətlərinin artmasına ciddi təsir göstərib, ötən il 3.8 milyondan çox notariat hərəkəti, 366 minə yaxın isə vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Həmçinin, əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi, onların sayının artırılması diqqət mərkəzində saxlanılaraq qeyri-hökumət təşkilatları üçün "Fərdi elektron pəncərə" elektron məlumat sisteminin istifadəyə verilməsi qeyd olunub, qeyri-kommersiya təşkilatlarının sayının 4.000-i ötməsi, KİV-lərin sayının isə 5.000-ə çatması vurğulanıb.
Tədbirdə işin səmərəliliyinin daha da artırılması, əmək və icra intizamına daim ciddi riayət olunması, yerli ədliyyə qurumlarına nəzarətin daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsinə dair tapşırıqlar verilib, bu zaman ASAN xidmətin nümunəvi fəaliyyətinin rəhbər tutulmasının zəruriliyi vurğulanıb.