Məhkumların hüquqlarının təmin olunması diqqət mərkəzindədir

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı üzrə aparılan islahatlar çərçivəsində penitensiar sistem xeyli təkmilləşdirilib, məhkumların hüquq və imtiyazları genişləndirilib, tibbi təminatı, saxlanma şəraiti daha da yaxşılaşdırılıb. Həmçinin, məhkumların sosial reabilitasiyası, azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı məqsədilə bölgələrdə yeni penitensiar infrastruktur yaradılır. Bu sahədə müasir işlək mexanizmlər, o cümlədən səmərəli ictimai iştirakçılıq, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və yüngül rejimli müəssisəyə keçirilmə institutu tətbiq olunur.

Cəmiyyətin həssas təbəqələrindən olan məhkumların hüquqlarının təmin olunması dövlətimizin daim diqqət mərkəzində saxlanılır. Ədliyyə naziri Fikrət Məmmədov ölkə başçısının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu ilə bağlı tapşırığına əsasən Salyanda olarkən orada yerləşən cəzaçəkmə müəssisəsinə baş çəkib.

Nazir məhkumlarla görüşərək onların saxlanma şəraiti, tibbi təminatı, islah prosesi, asudə vaxtlarının təşkili ilə maraqlanıb, istehsalat, idman sahələri, görüş otaqları, tibb məntəqəsi ilə tanış olub, infrastrukturun abadlaşdırılması, islah işinin səmərəli təşkili, məhkumlara göstərilən tibbi yardımın yaxşılaşdırılması, vaxtından əvvəl şərti azad etmə institutundan effektiv istifadə olunması ilə bağlı tapşırıqlarını verib.

Bununla əlaqədar Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından, eləcə də geniş ictimaiyyətin nümayəndələri və hüquq-müdafiəçilərdən ibarət formalaşdırılmış xüsusi Komissiyanın Salyanda yerləşən cəzaçəkmə müəssisəsində məhkumlarla növbəti görüşü olub. 50-yə yaxın məhkumun şəxsi işi və digər aidiyyəti sənədlər hərtərəfli araşdırılıb, onlarla fərdi qaydada səmimi söhbətlər aparılıb, islah yoluna düşmüş məhkumları şərti azad etmə və ya daha yüngül rejimli müəssisəyə keçirmə ilə bağlı məhkəmə qarşısında müvafiq vəsatətlər qaldırılıb.

Qeyd olunmalıdır ki, iki ilə yaxın fəaliyyəti dövründə Komissiya tərəfindən mütəmadi olaraq müxtəlif cəzaçəkmə müəssisələrinə baş çəkilərək məhkumlarla fərdi görüşlər keçirilib, tərbiyəvi tədbirlər, maarifləndirmə və izahat işləri aparılıb, həqiqi islah yoluna düşmüş və əhalinin bütün təbəqələrini əhatə edən 2300-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 95%-i müsbət həll edilib.

Komissiyanın fəaliyyətində şəffaflıq maksimum təmin olunaraq artıq onun iclaslarına ictimai iştirakçılığın ən geniş formatlarından istifadə etməklə məhkumların valideynlərinin və yaxınlarının dəvət olunması təcrübəsi tətbiq edilir. İclaslara hətta zərərçəkmiş şəxslər də dəvət olunurlar ki, bu da münaqişəli vəziyyətin aradan qaldırılmasına və barışığa nail olunmasına öz töhfəsini verir.

Təsadüfi deyil ki, Komissiyanın şəffaf və obyektiv fəaliyyətinin, apardığı tərbiyəvi işin və həqiqi islah olunan məhkumların azad olunmağa tövsiyə etməsinin nəticəsidir ki, həmin şəxslər arasında residiv cinayətlərin sayı kəskin azalmışdır.

Məhkumlar şəffaflıqla seçilən və korrupsiya hallarının qarşısını alan bu müsbət təcrübənin səmərəli tətbiqindən məmnunluğunu bildirib, islah olunan məhkumların sosial adaptasiyasına yaxından kömək edən Ədliyyə Nazirliyinin bu təşəbbüsünü, onların saxlanma şəraitinin diqqət mərkəzində olmasını yüksək qiymətləndiriblər. 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez