24-02-2015 | 04:02 910
Fevralın 24-də ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov ölkəmizdə səfərdə olan Avropa İttifaqının İnsan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişafını qeyd edən nazir müavini dövlətimizin prioritetlərindən olan insan hüquqlarının təminatına yönələn tədbirlər, o cümlədən genişmiqyaslı məhkəmə islahatları barədə məlumat verərək, yeni məhkəmələrin yaradılmasından, infrastrukturun müasirləşdirilməsindən, Avropa Şurası və Avropa İttifaqı tərəfindən müsbət dəyərləndirilən hakimlərin ən şəffaf seçimindən, habelə elektron məhkəmənin tətbiqindən danışıb. Həmçinin, Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı çərçivəsində görülən işlər, o cümlədən ədliyyə sahəsində birgə layihənin uğurla həyata keçirildiyi vurğulanıb.
Azərbaycana ilk dəfə səfərindən məmnunluğunu ifadə edən S.Lambrinidis Avropa İttifaqının ölkəmizlə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində daha da gücləndirilməsində maraqlı olduğunu bildirib, respublikamızda aparılan məhkəmə-hüquq islahatlarının insan hüquqlarının etibarlı müdafiəsi baxımından əhəmiyyətini vurğulayaraq bu sahədəki müsbət nəticələri təqdir edib. Qonaq həmçinin, Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə maraq göstərərək onun məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarının həyata keçirilməsində rolunu yüksək qiymətləndirib və belə bir modellə bağlı məsələnin təmsil etdiyi qurumun alt-komitəsinin iclaslarında müzakirə mövzusu ola biləcəyini söyləyib.
S.Lambrinidis Avropa İttifaqı ilə Ədliyyə Nazirliyi arasında səmərəli qarşılıqlı fəaliyyəti qeyd edərək səfər zamanı penitensiar müəssisələrə baş çəkmək üçün şərait yaradılmasına görə minnətdarlığını bildirib, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Görüşdə həmçinin maraq doğuran məsələlər müzakirə olunub, insan haqlarının qorunması, qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin qərəzsizliyi, vətəndaş cəmiyyətinin inkişafı, alternativ cəza növlərinin tətbiqi və s. üzrə faydalı fikir mübadiləsi aparılıb.
Tədbirdə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mard iştirak edib.