25-02-2015 | 04:02 1071
Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində bu mötəbər qurumun Azərbaycan üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planı qəbul olunaraq həyata keçirilməsi üçün müvafiq tədbirlər görülüb. Plan çərçivəsində, həmçinin hüquqşünasların insan hüquqları üzrə treninqi, onların təlim keçmə potensialının gücləndirilməsi, tədris prosesinin təkmilləşdirilməsi məqsədilə "İnsan hüquqları üzrə Avropa Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi" adlı layihə təşviq olunur.
Bununla əlaqədar Avropa Şurasının İnsan hüquqları siyasəti və inkişaf departamentinin rəhbəri Mixayil Lobov və Proqram meneceri Mahir Müşteidzadənin iştirakı ilə layihənin geniş təqdimatı keçirilərək milli tərəfdaşlarla birgə ətraflı fikir mübadiləsi aparılıb.
Eyni zamanda Avropa Şurasının nümayəndələri ilə ədliyyə nazirinin müavini Azər Cəfərovun görüşü keçirilib, layihə ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan və Avropa Şurası arasında əlaqələrin dinamik inkişafını qeyd edən nazir müavini ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarından, hakimlərin Avropada örnək kimi dəyərləndirilən şəffaf seçimindən danışıb, onların tədrisinə toxunaraq bu sahədə Avropa Məhkəməsi ilə səmərəli əməkdaşlığı, Məhkəmənin presedentlərinin öyrənilməsi və tətbiqini, tədris səfərlərinin təşkilini qeyd edib.
A.Cəfərov Avropa Məhkəməsinin fəaliyyətinin təkmilləşdirilməsinə dair keçirilmiş İnterlaken, İzmir və Brayton konfranslarını, ölkəmizin bu tədbirlərdə fəal iştirakını və qəbul olunmuş müvafiq bəyannamələrin implementasiyası üzrə görülən işləri qeyd edərək həmin bəyannamələrdən irəli gələn məsələlərə layihə çərçivəsində də diqqət yetirilməsinin əhəmiyyətini vurğulayıb.
Respublikamızda aparılan məhkəmə-hüquq islahatlarını maraqla qarşılayan qonaqlar bildiriblər ki, yeni Layihənin həyata keçirilməsində məqsəd bu islahatlara dəstək vermək, hakimlərin və digər hüquqşünasların tədrisinə, onların İnsan hüquqları üzrə Avropa Konvensiyasını effektiv tətbiq etmək bacarıqlarının yüksəldilməsinə töhfə verməkdir. M.Lobov, həmçinin Avropa Məhkəməsinin islahatından, şikayətlərin qəbul edilmə kriteriyalarının təkmilləşdirilməsindən bəhs edərək son dövrlər Avropa dövlətlərindən, o cümlədən Azərbaycandan Məhkəməyə daxil olan şikayətlərin sayında azalma müşahidə olunduğunu vurğulayıb.
Layihə ətrafında aparılan fikir mübadiləsi zamanı qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib, milli təlim qurumları ilə birgə fəaliyyət çərçivəsində layihənin uğurla həyata keçiriləcəyinə əminlik ifadə olunub.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.