Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının yeni binası istifadəyə verilmişdir. Prezident İlham Əliyev bina ilə tanış olmuşdur

 Mayın 29-da Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı istintaq təcridxanasının yeni binası istifadəyə verilmişdir.

Prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə tanış olmuşdur.
Ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində penitensiar sistemin fəaliyyətinin yaxşılaşdırılması üzrə kompleks tədbirlər həyata keçirilir. Məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş tədbirlər "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda da əksini tapmışdır. Bu məqsədlə inşa olunan Bakı istintaq təcridxanasının binası da beynəlxalq standartlara tam cavab verir. 120 il əvvəl inşa edilən və dövrün tələblərinə cavab verməyən 1 saylı Bayıl və 3 saylı Şüvəlan istintaq təcridxanalarının əvəzinə Zabrat qəsəbəsində inşa olunan Bakı istintaq təcridxanası nüfuzlu beynəlxalq təşkilatların tövsiyələrinə əsasən, habelə qabaqcıl dövlətlərin, o cümlədən Finlandiya, Belçika, Estoniya və Türkiyənin təcrübəsindən bəhrələnərək tikilmişdir. İnşasına 2008-ci ilin aprelində başlanan Bakı istintaq təcridxanasının tikintisinə 600-dən çox işçi qüvvəsi cəlb olunmuşdur. Zabrat-Kürdəxanı şosesindən müəssisəyə qədər ümumi sahəsi 27 min 650 kvadratmetr olan yeni yol çəkilmişdir.

2001-ci ildən başlayaraq məhkumların hüquqlarının genişləndirilməsi və cəza şəraitinin humanistləşdirilməsi məqsədi ilə cəzaların icrası məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar 16 qanun qəbul olunmuşdur. Humanist cəza siyasətinin nəticəsi kimi Azərbaycanda azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərin sayı MDB-nin digər ölkələri ilə müqayisədə daha azdır. Digər tərəfdən, qəbul edilmiş əfv və amnistiya aktlarının nəticəsində minlərlə insan azadlığa buraxılmışdır. 1995-2008-ci illərdə Azərbaycan Prezidentinin 45 Fərmanı əsasında 4858 nəfər əfv olunmuşdur. Ölkəmizdə 9 dəfə qəbul edilmiş amnistiya aktları 100 minə yaxın şəxsə şamil edilmişdir. Təkcə bu ilin martında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş sonuncu amnistiya aktı bütövlükdə 9 min nəfəri əhatə etmişdir.

Hazırda azadlıqdan məhrumetmə yerlərində və istintaq təcridxanalarında beynəlxalq standartlara uyğun saxlanma şəraitinin yaradılması üçün bütün müəssisələrdə əsaslı təmir-tikinti, abadlıq işləri aparılır. Penitensiar sistemdə ictimai nəzarətin təşkilinə xüsusi diqqət yetirilir, bu məqsədlə yerli və xarici qeyri-hökumət təşkilatları ilə qurulmuş əlaqələr nəticəsində 2006-cı ildən ictimai komitə fəaliyyət göstərir. Penitensiar sistemin işinin müasir tələblər səviyyəsində qurulması üçün Avropa Şurası və Avropa Komissiyası ilə birgə proqram həyata keçirilmişdir.

Prezident İlham Əliyev əvvəlcə binanın baş planı ilə tanış oldu.
Ədliyyə naziri Fikrət Məmmədov bildirdi ki, Bakı istintaq təcridxanası rejim korpuslarından, inzibati binadan, karantin otağından, qısa və uzunmüddətli görüş otaqlarından, istintaq bölməsindən, təsərrüfat-məişət xidməti işlərində saxlanılan məhkumlar üçün nəzərdə tutulan korpuslardan ibarətdir.

Burada saxlanma limiti 2500 nəfərdir. Müəssisədə 1, 2, 4 və 6 nəfərlik 576 kamera vardır. Bütün korpuslar xüsusi keçidlə mərkəzi korpusa bağlanmışdır.
Ədliyyə naziri onu da bildirdi ki, yaxın gələcəkdə təcridxananın yerləşdiyi ərazinin yaxınlığında Azərbaycan Respublikası Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə üçün yeni inzibati binanın inşası planlaşdırılır.

Dövlətimizin başçısı məhkəmənin yeni binasının eskizi ilə tanış oldu.
Bildirildi ki, Bakı istintaq təcridxanasının karantin bölməsində təqsirləndirilən şəxslərin ilkin tibbi müayinəsi aparılır, onlar haqqında ümumi məlumatlar toplanır. Təqsirləndirilən şəxslər korpusdan karantin otağına gətirildikdən sonra aidiyyəti üzrə məhkəmələrə göndərilir. İstintaq otaqları və məhkəmə zalı kompyuter və xüsusi avadanlıqla, həyəcan siqnalı verilməsi üçün cihazla təmin olunmuşdur. İstintaq otaqlarından biri şəxsiyyətin tanınması üçün ayrılaraq, xüsusi şüşədən hazırlanan arakəsmə və avadanlıqla təchiz edilmişdir. Bu tanınma otağı ölkədə ilk dəfə təşkil olunur.

Burada görüş üçün kabinetlər, hər cür məişət şəraiti olan otaqlar və uzunmüddətli görüşlər üçün mətbəx yerləşir.

Məhbusların saxlanma kameralarında da nümunəvi şərait yaradılmışdır. Birinci və ikinci mərtəbələrdə 28, üçüncü mərtəbədə 13 kamera vardır. Bütün korpuslar veb-kameralar vasitəsilə idarəetmə mərkəzindən nəzarətdə saxlanılır. Korpuslarda psixoloq və həkim otaqları yerləşir.
İstintaq təcridxanasının tibb-sanitariya hissəsi ikimərtəbəli binada yerləşir. Burada həkim kabinetləri, cərrahi əməliyyat otağı, laboratoriyalar, aptek və digər yardımçı otaqlar yerləşir. 14 kamera-palatalarda 60 təqsirləndirilən şəxsin stasionar müalicəsi üçün hər cür şərait vardır. Tibbi müayinə otaqları da müasir avadanlıqla təchiz olunmuşdur. Bu binanın birinci mərtəbəsində 24, ikinci mərtəbəsində 25 palata yerləşir.

Dünya Səhiyyə Təşkilatının vərəm əleyhinə "DOTS" layihəsinin icrasına 1995-ci ildə Azərbaycanda ilkin olaraq Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrində başlanmışdır. Binadakı laboratoriyada da bu tip xəstələrin müayinəsi üçün hər cür şərait yaradılmışdır.
Təsərrüfat və məişət xidməti işlərində çalışan məhkumlar üçün nəzərdə tutulan korpusda böyük ictimai təhlükə törətməyən və ilk dəfə məhkum olunan şəxslər qalaraq təsərrüfatda çalışırlar. Burada yaradılan kitabxana zəruri ədəbiyyatla təchiz olunmuş, oxu zalı və kompyuter otağı yaradılmışdır. Bundan əlavə, korpusda dini ibadət üçün otaq da vardır.
Bakı istintaq təcridxanasında saxlanılan şəxslərin qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx inşa olunmuşdur. Camaşırxanada yeni avadanlıq quraşdırılmışdır.

Təcridxananın fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 210 kilovoltluq yeraltı elektrik xətti çəkilmiş, transformator yarımstansiyaları, 3 generator quraşdırılmış, su və qaz təchizatı sistemi qurulmuşdur.

Müəssisə ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bir neçə korpusun tikintisi bu ilin sonunadək tam yekunlaşacaqdır.


iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez