08-04-2015 | 04:02 1011
Ölkəmizdə səfərdə olan Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçi Qrupunun nümayəndə heyəti ilə aprelin 8-də ədliyyə nazirinin müavini Toğrul Musayevin görüşü keçirilib.
AŞ və onun struktur qurumları ilə səmərəli əməkdaşlığı qeyd edən nazir müavini ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən seçimi, habelə vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, onlara dövlət dəstəyinin artırılması üzrə görülən işlər barədə məlumat verib, Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planının icrası çərçivəsində nazirlik tərəfindən qarşılıqlı fəaliyyətin uğurla davam etdirildiyini vurğulayıb.
Azərbaycanla sıx əməkdaşlıq münasibətlərinin olduğunu bildirən siyasi məsələlər üzrə direktor Aleksandr Qessel təmsil etdiyi qurumun üzv dövlətlərin AŞ qarşısında götürdüyü öhdəliklərinin icrası ilə bağlı fəaliyyətindən danışaraq ölkəmizdə gedən geniş demokratik prosesləri diqqətlə izlədiklərini bildirib. Məruzəçilər respublikamızda aparılan hüquqi islahatları təqdir edərək bu sahədə Ədliyyə Nazirliyinin rolunu qeyd ediblər.
Görüşdə, həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyi, vəkilliyin inkişafı və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Tədbirdə AŞ-nın Bakı Ofisinin rəhbəri Draqana Filipoviç və ölkəmizin AŞ yanındakı daimi nümayəndəsi Emin Eyyubov iştirak ediblər.