BMT-nin cinayətkarlıqla mübarizəyə həsr olunmuş 13-cü Konqresi keçirilir

Bu il aprelin 12-dən 19-dək Qətərin paytaxtı Doha şəhərində BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 13-cü Konqresi keçirilir.

Dünyanın 190-dan çox ölkəsindən olan 3.000 nümayəndənin, o cümlədən ədliyyə və daxili işlər nazirləri, baş prokurorlar, digər hökumət üzvləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi bu mötəbər forumda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi geniş nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinin tərkibinə Baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev, Azərbaycan Respublikasının Qətərdəki səfiri Tofiq Abdullayev, Ədliyyə, Milli Təhlükəsizlik, Xarici və Daxili İşlər nazirliklərinin məsul şəxsləri daxil ediliblər.

Bu il 60 illiyi qeyd olunan və qlobal səviyyədə cinayətkarlığa qarşı mübarizə siyasətini müəyyən edən bu mötəbər tədbirin təntənəli açılış mərasimində Qətərin əmiri Şeyx Tamim bin Hamad Al Tani və BMT-nin baş katibi Pan Qi Mun iştirak ediblər.

Sonra beş ildən bir keçirilən Konqresin rəhbərliyi formalaşdırılıb, Qətərin baş naziri Abdulla bin Naser Al-Tani Konqresin prezidenti, Azərbaycanın ədliyyə naziri isə vitse-prezidentlərdən biri seçilib.

Tədbir zamanı yüksək səviyyəli plenar sessiya keçirilib. Sessiyanın birinci günündə ölkəmizin ədliyyə naziri ilk nitq söyləyənlər sırasında çıxış edərək cinayətkarlığın qarşısının alınması, cinayət ədliyyəsi sisteminin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üzrə tədbirləri vurğulayıb, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları və bu sahədə nailiyyətləri qeyd edib.

Nazir dövlətimizin əsas prioritetlərindən olan korrupsiya ilə mübarizə tədbirlərindən bəhs edib, tətbiq olunan innovasiyalardan, xüsusilə ölkə Prezidentinin təşəbbüsü ilə yaradılmış və Azərbaycan brendi sayılan "ASAN xidmət" mərkəzlərinin səmərəli fəaliyyətindən danışıb.

Tədbir iştirakçılarının diqqəti həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Ermənistan tərəfindən torpaqlarımızın işğalına, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilib. Qeyd olunub ki, işğal olunmuş ərazilərimizdə tarixi və mədəni abidələr məhv edilib, bir sıra dövlətlərin özəl şirkətləri tərəfindən qanunsuz iqtisadi fəaliyyət göstərilir, qondarma rejim tərəfindən günahsız vətəndaşlarımızın qeyri-legitim mühakimə olunması halları mövcuddur.

Maraqla qarşılanmış çıxışın ingilis və rus dillərində olan mətnləri tədbir iştirakçıları arasında yayılıb.

Nümayəndə heyətinin üzvləri tərəfindən Konqresin müxtəlif mövzular üzrə seksiyalarda, o cümlədən insan alveri, korrupsiyaya və kibercinayətkarlığa qarşı mübarizə, məhkumların hüquqlarının müdafiəsi üzrə çıxışlar edilib.

Həmçinin, Azərbaycan nümayəndə heyəti tərəfindən Konqresdə iştirak edən bütün dövlətlərə ölkəmizin işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərin və orada qanunsuz iqtisadi fəaliyyətin qarşısının alınması ilə bağlı yazılı müraciət ünvanlanıb.

Tədbirdə cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə dair Doha Bəyannaməsi qəbul olunub. Sənəddə Azərbaycan tərəfinin təklifləri əsasında Ermənistan nümayəndə heyətinin təkidli etirazlarına baxmayaraq ədalətli və səmərəli cinayət ədliyyəsi sistemlərinin dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında qurulmasına dair öhdəliklər əks olunub. Həmçinin, Bəyannamədə yalnız qanun əsasında legitim məhkəmələr tərəfindən mühakimə olunmaq hüququnun təsbiti yer alıb, münaqişə zonalarında BMT üzv-dövlətlərinin özəl şirkətlərinin qanunazidd iqtisadi fəaliyyətləri, habelə mədəni irsinə məxsus olan mədəni obyektlərin qanunsuz dövriyyəsi pislənilib, qeyri-qanuni faydalı qazıntı işlərinin aparılması kimi yeni növ cinayətlərə qarşı tədbirlər vurğulanıb. Bununla da, Azərbaycanın milli maraqlarına uyğun məsələlər Konqresin yekun sənədində əks olunub.

Forum çərçivəsində ölkəmizin ədliyyə naziri Konqresin vitse-prezidenti kimi BMT-nin Baş katibi Pan Qi Mun, Konqresin prezidenti Qətərin baş naziri Abdulla bin Naser Al-Tani ilə işgüzar görüşlər keçirib, faydalı fikir mübadiləsi aparıb.

Həmçinin, Qətərin ədliyyə naziri Dr. Həsən Əl-Mühənnədi ilə keçirilmiş görüşdə Azərbaycan və Qətər arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, hüquqi sahədə əlaqələrin möhkəmləndirilməsinə maraq göstərilərək bunun üçün geniş perspektivlərin olduğu vurğulanıb. İki ölkə arasında hüquqi sahə üzrə mühüm dövlətlərarası müqavilələrin və Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair sənədin imzalanması məqsədi ilə onların razılaşdırılmasının başa çatdırılması üçün tezliklə ekspert görüşünün keçirilməsi barədə razılığa gəlinib.

Bununla yanaşı, F.Məmmədov Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti kimi Konqresdə iştirak edən qurumun rəhbər şəxsləri ilə görüşlər keçirərək IAACA-nın gələcək fəaliyyətinə dair müzakirələr aparıb.

Səfər zamanı həmçinin, beynəlxalq təşkilatların, habelə bir sıra dövlətlərin ədliyyə, prokurorluq və s. hüquq-mühafizə orqanlarının rəhbərləri ilə əməkdaşlığa dair danışıqlar keçirilib.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez