Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edilir

Respublikamız nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli əməkdaşlıq edərək, təşkilatın rəhbər orqanları olan İcraiyyə Komitəsində və Senatında təmsil olunur.

Aprelin 28-də ədliyyə naziri, Assosiasiyanın senatoru və fəxri üzvü Fikrət Məmmədov ölkəmizdə səfərdə olan BPA-nın icraçı direktoru xanım Yanne Holst Hübnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ölkəmizin Assosiasiya ilə sıx əməkdaşlığını vurğulayan nazir fəaliyyətinin 20 illiyi qeyd olunan BPA-nın ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və cinayətkarlıqla mübarizə üzrə dünya prokurorlarının səylərinin birləşdirilməsində mühüm rolunu vurğulayıb, Assosiasiyanın Azərbaycana marağının artmasının təzahürü kimi qurumun bütün rəhbər şəxslərinin respublikamıza səfərlərini qeyd edib.

Nazir həmçinin dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və prokurorluq orqanlarının, məhkəmə sisteminin təkmilləşdirilməsi, infrastrukturun müasirləşdirilməsi, habelə korrupsiyanın qarşısının alınması üzrə aparılan genişmiqyaslı tədbirlər barədə məlumat verib.

Qonaqlar ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək respublikamızın dinamik inkişafını təqdir edib, Azərbaycanın BPA ilə uğurlu əməkdaşlığını, uzun illər Assosiasiyanın işinə verdiyi dəyərli töhfələri, təşəbbüskarlığını və dəstəyini qeyd edib, fəal təmsilçiliyini vurğulayıblar. Nümayəndə heyəti korrupsiyaya qarşı mübarizənin dövlətimizin əsas prioritetlərindən olduğu nəzərə alınaraq ölkəmiz tərəfindən təşkilatın dünya prokurorları üçün korrupsiyaya qarşı xüsusi internet şəbəkəsinin yaradılmasına görə minnətdarlığını bildirib.

Görüşdə ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub, maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Tədbirdə Assosiasiyanın İcraiyyə Komitəsinin Azərbaycandan olan üzvü, Baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev iştirak edib.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez