Ədliyyə orqanlarında ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbirlər keçirilib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ədliyyə orqanlarında geniş qeyd olunur.

Ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında müstəsna xidmətləri xalqımız tərəfindən daim yüksək fəxr hissi ilə qeyd olunaraq, əziz xatirəsi hədsiz məhəbbətlə və böyük ehtiramla yad edilir.

Müasir tariximizdə danılmaz rolu olan ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Ədliyyə Nazirliyində silsilə tədbirlər təşkil edilib, o cümlədən bu ərəfədə Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi üçün yeni inzibati binanın təməli qoyulub, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub. Eyni zamanda, xüsusi stend hazırlanıb, şahmat turniri keçirilib, ədliyyə işçiləri velosiped yürüşünə, habelə könüllü qanvermə aksiyasına qoşularaq fəallıq nümayiş etdiriblər.

Tarixi şəxsiyyətlər sırasında türk dünyasının öndərlərindən biri kimi Heydər Əliyevdən bəhs olunan "Türk dünyası" kitabının Heydər Əliyev Mərkəzində Azərbaycan bələdiyyələrinin milli assosiasiyalarının və Türk Dünyası Bələdiyyələr Birliyinin birgə təşkilatçılığı ilə keçirilmiş və ədliyyə işçilərinin də qatıldığı geniş təqdimat mərasimi xüsusilə əlamətdar olub.

Dahi öndərin doğum günü ilə əlaqədar nazirliyin kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə gül dəstələri düzüblər. Həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər çiçəklər qoyulub.

Sonra nazirliyin Heydər Əliyev Muzeyində ədliyyə naziri Fikrət Məmmədovun və kollektivin, gənc ədliyyə işçilərinin iştirakı ilə Ulu Öndərin doğum gününə həsr olunmuş mərasim keçirilib. Əvvəlcə dahi rəhbərin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub, əziz və işıqlı xatirəsi yad edilib. Tədbirə Heydər Əliyev irsinin tədqiqatçılarından olan, millət vəkili, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı dəvət olunub.

Mərasimdə ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, xalqımız qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs olunub, M.Qasımlı dahi Heydər Əliyevin irsindən söhbət açaraq Ulu Öndərin öz zəkası ilə bütün dünyanın geosiyasi vəziyyətini dəyişən bir dövlət xadimi olduğunu, fəaliyyətinin bütün dövrlərində dövlətimizin xarici siyasətinin və dünya siyasətində yerinin müəyyənləşdirilməsində, milli maraqlarımıza xidmət edən taleyüklü məsələlərin həllində müstəsna rolunu konkret tarixi faktlar əsasında təhlil edib, Azərbaycanı hərtərəfli inkişaf etdirərək dünyaya tanıtdırdığını vurğulayıb. O, dahi liderin təməlini qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə əldə etdiyi yüksək nailiyyətləri qeyd edib.

Nazir F.Məmmədov Ulu Öndərin milli dövlətçilik tariximizdə misilsiz xidmətlərindən, o cümlədən respublikamızın məhkəmə-hüquq sisteminin, o cümlədən ədliyyə orqanlarının inkişafına verdiyi yüksək töhfələrdən danışıb, dövlət başçısının rəhbərliyi ilə respublikamızın hərtərəfli dinamik tərəqqisini vurğulayıb. Bildirilib ki, ümummili lider Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik prinsiplərinə daim sadiq qalan ədliyyə işçiləri müstəqil Azərbaycanımızın hərtərəfli inkişafı naminə yorulmaz fəaliyyətində ölkə Prezidentinə daim layiqli yardımçı olacaqlar.

Tədbirdən sonra Heydər Əliyev Muzeyində əbədiyaşar liderin həyat və fəaliyyətindən bəhs edən zəngin ekspozisiyalarla və xüsusi stendlə tanış olunub, kinozalda Ümummilli Liderə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez