26-05-2015 | 04:02 2115
Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, o cümlədən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ictimaiyyətin iştirakına, dövlət orqanlarının fəaliyyətində ictimai nəzarətin tətbiqinə xüsusi önəm verilərək Ədliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları ilə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.
2006-cı ildə qəbul olunmuş və dövlət qeydiyyatına alınmış müvafiq Qaydalara əsasən tərkibi tanınmış hüquq müdafiəçilərindən ibarət formalaşdırılmış İctimai Komitə artıq doqquz ildir ki, uğurla fəaliyyət göstərir. "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunması vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da genişləndirilməsinə böyük təkan verib, İctimai Komitənin səlahiyyətləri həmin Qanuna uyğun olaraq daha da genişləndirilib, o cümlədən səlahiyyət müddəti artırılıb və Komitə ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə görülən işlərə fəal cəlb olunur.
Belə ki, İctimai Komitə tərəfindən mütəmadi olaraq müxtəlif cəzaçəkmə müəsissələrinə başçəkmələr həyata keçirilir, məhkumların saxlanma şəraitinə və islah prosesinə xüsusi diqqət yetirilir, azadlıqdan məhrum edilmiş şəxslərə hüquqi yardım göstərilir, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqində fəal iştirak olunur.
Eyni zamanda, Komitə nümayəndələrinin müxtəlif tədbirlərdə, o cümlədən Ədliyyə Nazirliyinin kollegiya iclaslarında, konfrans və seminarlarda, habelə qulluğa qəbulla bağlı müsabiqələrdə (test imtahanı və söhbət mərhələsində) iştirakları təmin olunur, ədliyyə işinin müxtəlif istiqamətləri üzrə birgə "açıq qapı" günləri keçirilir, ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi üzrə monitorinqlər səmərəli əməkdaşlıq şəraitində aparılır.
Bildirilir ki, İctimai Komitənin səlahiyyət müddəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən iki ildir və cari il iyunun 12-də səlahiyyət müddətinin başa catması ilə əlaqədar qurumun yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.
Bununla əlaqədar tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti orqanların təmsilçilərindən ibarət olan Seçki Komissiyası tərəfindən İctimai Komitə üzvlərinin fəaliyyəti təhlil edilərək qiymətləndirilir, namizədlər arasında seçim aparılır.
Müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin nəzərinə çatdırılır ki, İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyənlər öz proqram və təklifləri ilə Ədliyyə Nazirliyinə - Seçki Komissiyasına müraciət edə bilərlər. Müraciətə həmçinin, namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.
Əlavə məlumat əldə etmək üçün Ədliyyə Nazirliyinin internet səhifəsinə müraciət etmək və (012) 510-52-83 nömrəli telefonla əlaqə saxlamaq olar.