16-06-2015 | 04:02 1711
Azərbaycan xalqının azadlığının, milli dövlətçiliyimizin müqəddəratının həll edildiyi ən ağır günlərdə - 1993-cü ilin iyunun 15-də ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı xalqımızın və müstəqil dövlətimizin qurtuluşunun başlanğıcı kimi qiymətləndirilərək bu tarixi hadisə ölkəmizdə ən əlamətdar bayramlardan olan Milli Qurtuluş günü kimi geniş qeyd olunur.
Builki bayram həm də dahi öndərin qurub yaratdığı və möhtərəm Prezidentimizin qəti siyasi iradəsi sayəsində inkişaf edən müstəqil ölkəmizin I Avropa Oyunlarına uğurla ev sahibliyi etməsi ilə hər bir azərbaycanlıda ikiqat sevinc və yüksək qürur hissləri yaşadır.
Milli Qurtuluş Günü ilə əlaqədar Ədliyyə Nazirliyinin rəhbər işçiləri Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə sonsuz ehtiramlarını bildirib, abidəsi önünə əklil qoyublar. Sonra ümummilli liderin Nazirlikdəki büstü önünə gül dəstələri düzülüb, əziz və işıqlı xatirəsi yad edilib.
Əlamətdar tarixi gün münasibətilə keçirilən tədbirdə ədliyyə naziri Fikrət Məmmədov ulu öndər Heydər Əliyevin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyasından, ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, dövlətimizin bütün sahələrdə uğurlar qazanmasında, beynəlxalq aləmə sürətli inteqrasiya etməsində və tanıdılmasında müstəsna xidmətlərini qeyd edib.
Nazir Ümummilli Liderin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsini, ölkəmizin gündən-günə çiçəklənməsini və bütün sahələrdə nailiyyətlərini vurğulayıb.
Tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin idmanın inkişafına və Olimpiya hərəkatının genişlənməsinə böyük diqqət və qayğısından bəhs olunaraq, ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsinin respublikamızın hərtərəfli inkişafının və yüksək nüfuzunun etirafı olduğu bildirilib, ölkəmizin oyunlara rekord qısa müddətdə hazırlanmasında və bu cür möhtəşəm və heyrətamiz açılış mərasiminin təşkilində Heydər Əliyev Fondunun prezidenti, I Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın böyük xidmətləri məmnunluqla qeyd edilib.
Ulu Öndərin dövlətçilik amallarına daim sadiq qalan ədliyyə işçiləri ölkə başçısının rəhbərliyi ilə xalqımızın və dövlətimizin bundan sonra da tarixi nailiyyətlərə və qələbələrə imza atacağına əminliyini ifadə ediblər.
Nazirlikdə Milli Qurtuluş gününə həsr olunmuş xüsusi stend hazırlanıb, kinozalda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmlər nümayiş etdirilib.