08-07-2015 | 04:02 824
Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq yeni nəsil hüquqşünasların ədliyyə orqanlarına müsabiqə yolu ilə qulluğa qəbulu davam etdirilərək, kadr korpusunun möhkəmləndirilməsi, gənclərin bacarıq və potensialından səmərəli istifadə olunması üzrə zəruri tədbirlər görülür.
Müsabiqələrdə iştirakla bağlı müraciət edən namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə əvvəlcədən Ədliyyə Akademiyasında hazırlıq kursları təşkil edilir, şəffaflığın tam təmin olunması üçün lazımi şərait yaradılır, o cümlədən müsabiqənin bütün mərhələrində vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı geniş təşviq olunur, test imtahanları internetdə "on-line" rejimində canlı yayımlanır.
Namizədlər peşə fəaliyyətinə buraxılış məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilirlər və müsabiqə üzrə təlimin müddəti artırılaraq tədrisin daha keyfiyyətli təşkil edilməsinə nail olunub.
İyulun 8-də növbəti müsabiqənin bütün mərhələlərindən uğur qazanaraq qulluğa qəbul edilmiş 70-ə yaxın hüquqşünasla Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilib.
Gənclər əvvəlcə Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüb, dahi öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli dinamik inkişafını, bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə əldə olunan yüksək nailiyyətləri qeyd edib, ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunmasına, ictimai-siyasi həyatda, dövlət idarəçiliyində yaxından iştirakına daim xüsusi diqqət göstərilməsindən bəhs edərək ədliyyə orqanlarında gənclərin üstünlük təşkil etdiklərini və əzmlə çalışdıqlarını bildirib.
Nazir ötən ay Azərbaycanın ən yüksək səviyyədə, uğurla ev sahibliyi etdiyi "Bakı-2015" I Avropa Oyunlarında ölkə gənclərinin, könüllülərin fəallığını, o cümlədən gənc ədliyyə işçilərinin böyük maraq göstərərək idman tədbirlərində yaxından iştirakını xüsusilə vurğulayıb, stajorlara dövlətçiliyə sədaqətlə xidmət etmələri, insanlara qayğılı münasibət göstərmələri, bilik və bacarıqlarını daim inkişaf etdirmələri və vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələrini verib, uğurlu fəaliyyət arzulayıb.
Qulluğa qəbul olunmalarından böyük qürur hissi keçirən gənc ədliyyə işçiləri ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinin inkişafı üçün hər cür şəraitin yaradıldığını dərin minnətdarlıq hissi ilə vurğulayıb, ölkəmizin tərəqqisi naminə dövlət başçısına layiqli yardımçı olacaqlarını, gələcək fəaliyyətlərində vəzifələrini vicdanla və məsuliyyətlə icra etmək üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini qeyd edərək ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.
Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər və onlara xidməti vəsiqələr təqdim edilib.