Ədliyyə Nazirliyində görüş

İyunun 3-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Bilge Cankorel ilə görüşmüşdür...

Ölkəmizin ATƏT-lə səmərəli əməkdaşlığını qeyd edən nazir Azərbaycanda aparılan uğurlu məhkəmə-hüquq islahatları, hakimliyə namizədlərin ən mütərəqqi və demokratik qaydalarla seçimi və tədrisi, habelə ədliyyə orqanlarının inkişafı, penitensiar sistemin müasirləşdirilməsi üzrə işlər barədə məlumat vermiş, həyata keçirilən tədbirlərdə ATƏT-in fəal iştirakını və dəstəyini vurğulamışdır.

Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq Azərbaycanda ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə görülən işləri, onun müsbət nəticələrini təqdir etmiş, təmsil etdiyi qurumun bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduğunu bildirmişdir. Səfir bu günlərdə istifadəyə verilmiş Bakı istintaq təcridxanasında yaradılmış ən müasir şəraitlə yaxından tanış olduğunu bildirərək, görülən işləri yüksək qiymətləndirmişdir.

Görüşdə həmçinin, insan hüquqlarının qorunması, məhkəmə sahəsində bir sıra layihələrin həyata keçirilməsi, hakimlərlə müxtəlif tədris tədbirlərinin təşkili, o cümlədən ATƏT-lə əməkdaşlıq çərçivəsində Məhkəmə-Hüquq Şurasında təlimlərin keçirilməsi üçün məhkəmə iclas zalının yaradılaraq zəruri avadanlıqla təchiz olunması qeyd edilmiş, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez