21-09-2015 | 04:02 1643
1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının Vyana ofisində təsis edilərək akkreditasiyadan keçmiş, dünya prokurorlarının yeganə qlobal təşkilatı olan 140-dan çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə ölkəmiz uğurlu əməkdaşlıq edir.
Azərbaycan Respublikası təşkilat yarandığı vaxtlardan onunla işgüzar münasibətlər qurmuş, Baş Prokurorluq və Hərbi Prokurorluq Assosiasiyaya təşkilati üzv kimi qəbul edilmiş, ölkəmizin nümayəndələri uzun illərdir Assosiasiyanın rəhbər qurumları olan Senatda və İcraiyyə Komitəsində Azərbaycanı layiqincə təmsil edirlər.
Sentyabr ayının 13-dən 17-dək İsveçrənin Sürix şəhərində BPA-nın Senatının və İcraiyyə Komitəsinin iclasları, o cümlədən BPA-nın 20-ci yubiley İllik Konfransı və Ümumi Yığıncağı keçirilmişdir.
Tədbirlərdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun və Baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi Prokurorluğun və Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir.
Senatın iclasında ədliyyə naziri, BPA-nın senatoru və fəxri üzvü Fikrət Məmmədov iştirak etmişdir. İclasda qurumun gələcək inkişaf perspektivləri müzakirə edilmiş, Azərbaycanın BPA-nınyaradılmasında və sonrakı inkişafında rolu və töhfələri xüsusi vurğulanmışdır.
İcraiyyə Komitəsinin iclasında Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Komitə üzvü Kamran Əliyev iştirak etmişdir. İclas zamanı cari il ərzində BPA-nın tədbirlərində Azərbaycandan olan fərdi üzvlərinin fəal iştirakı barədə məlumat verilmiş, gündəlikdə duran təşkilatı məsələlərlə əlaqədar fikir mübadiləsi aparılmış, müvafiq qərarlar qəbul edilmişdir.
İllik Konfransda dünyanın 100-dən çox dövlətindən 500 nəfərin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, mötəbər beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak etmişlər.
Tədbirin təntənəli açılış mərasimində İsveçrə Konfederasiyasının Prezidenti xanım SimonettaSommaruqa və BPA-nın prezidenti QerhardYaroş çıxış edərək korrupsiya ilə mübarizədə prokurorların vacib rolunu qeyd etmişlər, Assosiasiyanın 20 illik tarixinə nəzər salınmışdır.
Qeyd olunamlıdır ki, hələ 2002-ci ildə Təşkilatın İcraiyyə Komitəsinin iclası uğurla Bakıda keçirilmiş, onun üzvləri ümummilli liderimiz Heydər Əliyev tərəfindən qəbul olunmuş, BPA-nın rəhbərləri Azərbaycana dəfələrlə səfər etmişlər.
İllik Konfransda korrupsiyaya, çirkli pulların yuyulmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, cinayət yolu ilə əldə edilmiş əmlakın qaytarılması, beynəlxalq əməkdaşlıq, müasir İKT-lərin tətbiqi və digər aktual məsələlər müzakirə edilmişdir.
Konfransın plenar iclasında çıxış edən Baş prokuror Zakir Qaralov korrupsiyaya qarşı mübarizənin dövlət başçısı cənab İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqaməti olduğunu qeyd edərək, ölkəmizin bu sahədə bütün beynəlxalq təşəbbüslərə qoşulduğunu, beynəlxalq konvensiyaların ölkə qanunvericiliyinə implementasiyasını, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində önəmli addımlar atılaraq Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırıldığını diqqətə çatdırmışdır. Baş prokuror həmçinin, ölkə başçısının rəhbərliyi ilə son dövrlərdə həyata keçirilmiş institusional və praktiki tədbirlər, o cümlədən respublika Prezidentinin təşəbbüsü ilə yaradılmış və Azərbaycanın brendi olan ASAN xidmətin fəaliyyəti, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyəti, "Qaynar xətt" əlaqə mərkəzinin işinin səmərəliliyi barədə ətraflı məlumat vermiş, habelə ölkəmizin BPA ilə bundan sonra da sıx əməkdaşlıq edəcəyini vurğulamaqla Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) Assambleyasının sədri kimi tədbirdə iştirak edən Akademiyaya üzv olmayan ölkələri qurumun işinə qatılmağa dəvət etmişdir.
Bundan başqa, Baş prokuror çıxışında Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qəbul edilmiş 10 sentyabr tarixli qətnaməyə münasibət bildirərək ikili standartlar siyasətinin bariz nümunəsi olan bu sənədin qərəzli, destruktiv və bəzi siyasi dairələrin sifarişlərinə və maraqlarına uyğun ölkəmizə qarşı aparılan və sistemli xarakter almış təzyiq kampaniyasının davamı olduğunu qeyd etmişdir.
Qeyd olunmalıdır ki, bu qətnamə ilə bağlı ölkəmizin nümayəndə heyəti adından müvafiq bəyanat tədbir iştirakçıları arasında yayılmışdır.
Bəyanatda qeyd olunmuşdur ki, son zamanlar Azərbaycan Respublikasında bir sıra iqtisadi, vergidən yayınma və vəzifə cinayətləri törətmiş qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər şəxslərin fəaliyyəti istintaq orqanları tərəfindən ifşa edildikdə və məhkəmələr tərəfindən qanunla nəzərdə tutulmuş qaydada qərarlar qəbul edildikdə bəzi beynəlxalq qurumlar tərəfindən subyektiv mülahizələrə əsaslanan birtərəfli və qərəzli münasibət bildirilir. Avropa Parlamenti kimi mühüm bir təsisat tərəfindən məhkəmə və istintaq orqanlarının fəaliyyətinin əsasını təşkil edən qanunun aliliyi və ədalət mühakiməsinə müdaxilənin yolverilməzliyi kimi mühüm prinsiplərə riayət etmədən 10 sentyabr 2015-ci il tarixdə Azərbaycan haqqında belə qətnamənin tələsik qəbul edilməsi təəccüb hissi doğurduğu bildirilmişdir.
Azərbaycan nümayəndə heyəti bildirmişdir ki, bu kimi hərəkətlər istintaqın və məhkəmənin obyektiv aparılmasına süni əngəllər yaratmaqla bərabər beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradır, həmçinin Azərbaycan Respublikası Avropa İttifaqına daxil olmadığı halda Azərbaycan dövlətinə, xalqımızın milli və mənəvi dəyərlərinə qarşı yönəlməklə ölkənin daxili işlərinə müdaxilə və ədalət mühakiməsinə təzyiqdir, Avropa İttifaqı-Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlığa və bu əlaqələrin gələcəyinə kölgə salır.
Eyni zamanda bəyan edilmişdir ki, Azərbaycan Respublikasında söz azadlığı, internet azadlığı və jurnalistlərin azad və normal fəaliyyətinin dövlət tərəfindən ən yüksək səviyyədə təmin edilməsinə baxmayaraq konkret jurnalistin döyülməsi nəticəsində ölməsi cinayət hadisəsinin siyasiləşdirilməsi təəccüb hissi doğurur. Qeyd olunmuşdur ki, həmin cinayət hadisəsi törədildikdən dərhal sonra istintaq orqanları tərəfindən cinayəti törətmiş 6 şəxs həbs edilmişdir. İstintaqla müəyyən edilmişdir ki, bu cinayət müxbirin sosial şəbəkələrin birində ifadə edilmiş və şəxsi qərəzliyə səbəb olmuş fikirlərinə görə törədilmiş və siyasətlə heç bir əlaqəsi olmamışdır.
Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti vurğulamışdırki, istənilən ölkədə qeyri-hökümət təşkilatlarının fəaliyyəti şəffaf şəkildə və həmin ölkənin qanunlarına uyğun həyata keçirilməlidir.
Bəyan edilmişdir ki, bəzi dövlətlər öz maraqlarına uyğun olaraq məqsədli şəkildə yaradılmış və ümumi qəbul edilmiş tələbləri, o cümlədən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozmaqla fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının fəaliyyətini maliyyələşdirir, onlara qrant adı altında maliyyə dəstəyi göstərir ki, bu da son nəticədə vergidən yayınma, mənimsəmə cinayətlərinin törədilməsinə və digər neqativ hallara səbəb olur. Aparılmış yoxlamalarla müəyyən edilmişdir ki, bir sıra hallarda qeyri-hökümət təşkilatları qrant adı altında alınmış pulların mənimsənilməsi məqsədilə müxtəlif korrupsiya sxemləri qurmuş, həmin dövlətlərin vergi ödəyicilərinin maraqlarına zidd olaraq şəxsi məqsədləri üçün istifadə etmişlər.
Vurğulanmışdır ki, Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası bu sosial bəlaya qarşı səmərəli mübarizənin ümuməhatəli və çoxşaxəli xarakter daşımaqla, dövlət sektoru ilə yanaşı bütün sahələrdə, o cümlədən özəl və qeyri-hökümət təşkilatlarında aparılmasını tələb edir. Lakin Azərbaycan dövləti tərəfindən görülən bu tədbirlər bəzi dairələrdə anlaşılmaz narazılığa səbəb olur.
Nümayəndə heyəti bəyan etmişdir ki, Azərbaycan Respublikasının Avropa Şurasının üzvü olmaqla Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyası altında olduğu və qeyd olunan əməllərə hüquqi müstəvidə yekun qiymət verilmədiyi halda hər hansı şəxsin təqsirinin olub-olmaması barədə səsləndirilən fikirlər ən azından təəssüf hissi doğurur.
Bu fikirlər, həmçinindigər iclaslarda, habelə nümayəndə heyəti tərəfindən keçirilən bütün görüşlərdə və danışıqlarda səsləndirilmişdir.
Bildirilməlidir ki, bir çox dövlətlərin nümayəndələri ikili standartların tətbiqindən təəssüflərinibildirərək, Azərbaycan həqiqətlərini reallığa uyğun qəbul etmişlər.
Konfransın anti-korrupsiya məsələlərinə həsr olunmuş xüsusi sessiyasına rəhbərlik edən K.Əliyev çıxış edərək BPA tərəfindən yeni yaradılmış anti-korrupsiya veb-saytı, saytın fəaliyyətinə qoşulmuş və qoşulacaq nümayəndələrdən ibarət Anti-korrupsiya forumu barədə ətraflı məlumat vermişdir. Sessiya iştirakçıları dünya prokurorları üçün ilk dəfə olaraq yaradılmış anti-korrupsiya saytının məhz Azərbaycan Prokurorluğu tərəfindən hazırlanmasını xüsusi qiymətləndirmişlər.
Vurğulanmalıdır ki, Azərbaycanın təcrübəsi tədbir iştirakçılarının böyük marağına səbəb olmuş, BPA-nın prezidenti QerhardYaroş çıxış edərək diqqəti şəxsən şahidi olduğu ASAN xidmətin fəaliyyətinə cəlb etmiş, xarici dövlətləri onun təcrübəsi ilə yerində tanış olub ölkələrində tətbiqinə çağırmışdır.
BPA-nın ali orqanı olan Ümumi Yığıncaqda qurumun rəhbər orqanlarına seçkilər keçirilmiş, növbəti İllik Konfransın 2016-cı ilin sentyabr ayında İrlandiya Respublikasının paytaxtı Dublin şəhərində keçirilməsi qərara alınmışdır.
Tədbir zamanı Azərbaycan rəsmiləri Assosiasiyanın prezidenti QerhardYaroş, həmçinin İsveçrənin Baş prokuroru MayklLauber, Rusiyanın Baş prokuroru YuriÇayka, eləcə də Qazaxıstan, Ukrayna, Albaniya, Çin, Səudiyyə Ərəbistanı, Bəhreyn və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək əməkdaşlığın inkişafına dair müzakirələr aparmışlar.
Konfrans çərçivəsində Azərbaycan Respublikasında son 10 il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən jurnallar, bukletlər və Baş prokurorun çıxışının mətni tədbir iştirakçılarına paylanmışdır.
Tədbirdə ölkəmizin İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı da iştirak etmişdir.