Müasir ədliyyə və məhkəmə infrastrukturunun yaradılması üzrə tədbirlər bundan sonra da davam etdiriləcək

Azərbaycanda həyata keçirilən demokratik hüquqi islahatlar çərçivəsində son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının etibarlı təmin olunması, ədalət mühakiməsinin səmərəliliyinin daha da yüksəldilməsi, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə genişmiqyaslı islahatlar aparılmış, beynəlxalq standartlara uyğun ədliyyə və məhkəmə infrastrukturları yaradılmışdır.

Dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq şəraitində həyata keçirilən bu islahatlara həmçinin maliyyə qurumları tərəfindən də dəstək verilir. Belə ki, Dünya Bankı tərəfindən bu sahədə təşəbbüs irəli sürülərək, Ədliyyə Nazirliyi ilə «Ədliyyə sisteminin müasirləşdirilməsi» adlı birgə layihənin həyata keçirilməsi barədə saziş imzalanmışdır.

Layihəyə əsasən ədliyyə və məhkəmə sahəsində infrastrukturun yeniləşməsi və ən müasir texnologiyaların tətbiqi nəzərdə tutulmuşdur.

Bu ilin mayında ölkə başçısının iştirakı ilə istifadəyə verilmiş Ali Məhkəmənin yeni inzibati binasının müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsi həmin tədbirlər çərçivəsində həyata keçirilmiş, Məhkəmə-Hüquq Şurası və Konstitusiya Məhkəməsinin isə kompüter və digər İKT avadanlıqlarla təchizatına artıq başlanılmışdır.

Ədliyyə və məhkəmə orqanlarının idarəetmə imkanlarının gücləndirilməsi, vahid şəbəkənin yaradılması,  sənəd dövriyyəsi və informasiya axınının əsaslı təhlilinin aparıl­ması üçün informasiya texnologiyaları üzrə yüksək ixtisaslı milli və beynəlxalq ekspertlər seçilmiş, həmçinin beynəlxalq tələblərə uyğun 21 məhkəmə binasının inşası, yenidən qu­rul­ması və əsaslı təmirinin aparılması məqsədilə layihələndirilmə işlərinə  başlanılmışdır.

Bu günlərdə Ədliyyə Nazirliyində inşa olunacaq məhkəmə binalarının beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanmış layihələrin prezentasiyası keçirilmişdir.

Tədbirdə vətəndaşların məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması, onların məhkəmə fəaliyyəti barədə məlumatlılığının genişləndirilməsi, müasir tələblərə cavab verən iş prosesinin təşkil edilməsi məqsədilə bir sıra məhkəmələrin yeni infrastrukturunun yaradılması üzrə işlər qeyd edilmiş, layihələndirilən məhkəmə binalarının ilkin eskizləri və daxili quruluşu geniş müzakirə edilərək səmərəli təkliflər və tövsiyələr verilmiş, vətəndaşlar üçün məhkəmə binalarında ayrılmış sahələrə xüsusi diqqət yetirilmişdir.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Bakı Apellyasiya Məhkəməsinin, Ağır cinayətlərə dair işlər üzrə və digər məhkəmələrin sədrləri, həmçinin Bakıda səfərdə olan Dünya Bankının nəzarət missiyasının rəhbəri Deyvid Bernşteyn tədbirdə iştirak etmişlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez