Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edib

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 23-də ədliyyə naziri Fikrət Məmmədov Şəki şəhərində regional ədliyyə şöbəsində Şəki, Oğuz və Qax rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbula yazılış qabaqcadan başlanılıb, həmçinin vətəndaşlar nazirliyin elektron xidmət portalı vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanından yararlanıblar.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri respublikamızda məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində tikintisi başa çatdırılan Şəki Məhkəmə Kompleksinə baş çəkərək tamamlama işləri ilə tanış olub, müvafiq tapşırıqlar verib.

Həmçinin yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olunub, hakimlər və ədliyyə işçiləri ilə görüş keçirilib. Nazir dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə iki gün öncə paytaxtda müasir Sabunçu Məhkəmə Kompleksinin istifadəyə verilməsi barədə məlumat verərək bildirib ki, "bir qapı" prinsipi ilə fəaliyyət göstərəcək Sabunçu və Şəki məhkəmə kompleksləri vətəndaşların müraciət imkanlarının daha da asanlaşdırılmasına, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə, ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə xidmət edəcəkdir. Müasir standartlar səviyyəsində inşa olunaraq istifadəyə verilən bu komplekslərin xidmətlərindən həm paytaxt, həm də Şəki rayonu və bölgə sakinləri yararlanacaqlar.

İclasda ölkə Prezidentinin vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ilə bağlı tələblərini diqqətə çatdıraraq aidiyyəti tövsiyə və tapşırıqlar da verilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez