Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı ərizələrin qəbulu müddəti uzadılıb

Ədliyyə Nazirliyinin kadr korpusunun yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil ədliyyə işçiləri ilə komplektləşdirilməsi məqsədilə görülən ardıcıl tədbirlərin davamı olaraq cari ilin oktyabr ayında elan edilmiş növbəti açıq müsabiqə üzrə ərizələrin qəbulunun 14 noyabr 2015-ci il tarixinədək həyata keçirilməsi nəzərdə tutulub.

Bununla belə, müsabiqədə iştirak etmək arzusunda olan bütün hüquqşünaslara geniş imkan yaradılması məqsədilə ərizələrin qəbulu müddətinin uzadılması və 1 dekabr 2015-ci il tarixində başa çatdırılması qərara alınıb.

Bir daha xatırladılır ki, hazırki müsabiqədə namizədlərin iştirakını daha da asanlaşdırmaq məqsədilə onlara ərizələrini Nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə elektron formada təqdim etmək imkanı yaradılıb. Bununla yanaşı, ərizə Nazirlikdə və ya regional ədliyyə şöbələrində, yaxud poçt vasitəsilə də təqdim edilə bilər.

Eyni zamanda müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə çatdırılır ki, əvvəlki illərdə olduğu kimi onlar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə noyabr ayının 16-dan etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil edilir. Bununla əlaqədar namizədlər birbaşa Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi, 158, telefon: (012) 493-71-31).

Həmçinin test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" Nazirliyin internet səhifəsində yerləşdirilib, eyni zamanda bu sənədlər Nazirliyə və regional ədliyyə şöbələrinə müraciət edənlərə təqdim olunur.

Test imtahanının tarixi və digər məsələlər barədə məlumat veriləcəkdir.

Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-09-90 nömrəli telefonlar vasitəsilə əlavə operativ informasiya almaq olar.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez