07-12-2015 | 04:02 847
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elan olunmuş növbəti açıq müsabiqə üzrə ərizələrin qəbulu başa çatıb.
Müraciət etmiş namizədlərlə test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə aşkarlıq şəraitində dekabr ayının 19-da saat 12.00-da vahid auditoriyada - Bakı İdman Zalında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) keçiriləcəkdir.
Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 17-18 dekabr tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər.
Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahanın başlanmasına azı 1 saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.
İmtahanın keçiriləcəyi yer üzrə naviqasiya məlumatları, həmçinin test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" Nazirliyin internet səhifəsində yerləşdirilib, eləcə də bu sənədlər Nazirliyə və regional ədliyyə şöbələrinə (ünvanlar həmin internet səhifəsində göstərilmişdir) müraciət edənlərə təqdim olunur.
Eyni zamanda bir daha müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə çatdırılır ki, imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi 158 ünvanında) xüsusi proqram əsasında təşkil olunmuş hazırlıq kursu davam edir.
Xatırladırıq ki, qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.
Əlavə məlumatları nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 537-05-90 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.