Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər

Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.

Dekabrın 12-də ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri Xiyabana gələrək Ümummilli Liderin məzarını ziyarət edib, abidəsi önünə tər çiçəklər düzüblər.

Sonra dahi rəhbərin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub, işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazirlikdə təşkil olunmuş anım mərasimində ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Ulu Öndərin nəsillərə örnək olan şərəfli və mənalı ömür yolundan, milli dövlətçilik tariximizdə əvəzsiz xidmətlərindən danışıb, qanunun aliliyinə və ədalətin bərqərar edilməsinə daim xüsusi diqqət yetirən Ümummilli Liderimizin Azərbaycanda müasir məhkəmə-hüquq sisteminin müəllifi olduğunu söyləyib, bu yaxınlarda Türkiyədə nəşr olunan "Azərbaycanın səsi" jurnalının xüsusi buraxılışının "Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi" mövzusuna həsr olunmasını məmnunluqla bildirib.

Heydər Əliyev siyasi kursunu uğurla inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ictimai həyatımızın bütün sahələrində davamlı tərəqqiyə nail olunduğu və bu prosesə dəstək olan Heydər Əliyev Fondunun nəcib fəaliyyəti və Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və təbliğində müstəsna rolu qeyd olunub.

Nazir bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərinin yüksək səviyyədə həyata keçməsini və müxtəlif, o cümlədən hüquq sahəsində əməkdaşlığa dair mühüm sənədlərin imzalanmasını xüsusilə vurğulayaraq, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib.

Mərasimdə çıxış edən ədliyyə işçiləri Ulu Öndərə əbədi ehtiramlarını bildirərək, dahi liderimizin müəyyən etdiyi milli dövlətçilik prinsiplərinə sadiq qalacaqlarına, ölkə başçısının ətrafında sıx birləşərək demokratik hüquqi dövlət quruculuğu, Azərbaycan ədliyyəsinin inkişafı naminə daha böyük məsuliyyətlə və əzmkarlıqla çalışacaqlarına söz veriblər.

Anım günü ilə bağlı nazirlikdə Heydər Əliyev muzeyində əbədiyaşar liderin zəngin həyatından, titanik fəaliyyətindən bəhs edən maraqlı ekspozisiyalar və fotoşəkillərlə, eləcə də xüsusi stendlə tanış olunub, yaradılmış elektron məlumat lövhəsində və kinozalda ümummilli liderə həsr olunmuş filmlər nümayiş etdirilib, ehsan süfrəsi təşkil edilib.

Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə qurumlarında anım mərasimləri keçirilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez