13-06-2009 | 04:02 1079
Azərbaycan dövlətçiliyinin xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdışı ilə xalqımızın və müstəqil dövlətimizin qurtuluşunun əsası qoyulmuş və bu şanlı tarix ölkəmizdə ən əlamətdar bayramlardan olan Milli Qurtuluş günü kimi elan edilərək hər il respublikamızda və onun hüdudlarından kənarda geniş qeyd olunur. Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olunması, vətəndaş qarşıdurmasının aradan qaldırılması, ictimai-siyasi sabitliyin və inkişafın təmin olunması, dünya birliyində layiqli yer tutması məhz ulu öndərin yenilməz iradəsi, böyük ürəkli Vətən oğlunun öz xalqı qarşısında misilsiz fədakarlığı sayəsində mümkün olmuşdur.
Bu əlamətdar gün münasibətilə Ədliyyə Nazirliyinin rəhbər işçiləri Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, onun abidəsi önünə əklil qoymuşlar. Sonra ümummilli liderimizin nazirlikdəki büstü önünə gül dəstələri düzülmüş, əziz xatirəsi yad edilmiş, Heydər Əliyev muzeyində dahi öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olunmuşdur. Əziz bayram nazirliyin bütün struktur qurumlarında geniş qeyd olunaraq əbədiyaşar lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi nəticəsində Azərbaycanın güclü bir dövlətə çevrilməsindən, ulu öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışılmışdır.
Tədbir iştirakçıları müasir Azərbaycan tarixinin yaradıcısı Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin möhtəşəm nailiyyətlər qazanmasını vurğulayaraq, ədliyyə işçilərinin bundan sonra da dövlət başçısına layiqli yardımçı olmaq üçün əzmkarlıqla çalışacaqlarını bildirmişlər.
Milli Qurtuluş günü ərəfəsində bəzi yerli ədliyyə orqanlarının yeni inzibati binalarının açılışı həyata keçirilmiş, infrastrukturun müasirləşdirilməsi və maddi-texniki təminatın gücləndirilməsi üzrə tədbirlər görülmüşdür.