29-12-2015 | 04:02 1101
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə kollegiya iclası keçirilib.
Kollegiyada ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, 2015-ci ildə Azərbaycanın davamlı tərəqqiyə nail olunması, mühüm infrastruktur layihələrinin gerçəkləşməsi, xüsusilə beynəlxalq aləmdə təqdir edilən ədliyyə və məhkəmə sahəsində əldə olunan nailiyyətlər qeyd edilib.
Ölkə Prezidentinin iştirakı ilə Bakı şəhəri Sabunçu, eləcə də Şəki məhkəmə komplekslərinin istifadəyə verilməsi, dövlət başçısının Şəkidə keçirilən müşavirədə görülən işləri müsbət qiymətləndirməsi, eyni zamanda, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı verdiyi tapşırıqlar ədliyyə və məhkəmə sisteminə yüksək qayğısının və etimadının əyani təzahürü olmaqla qarşıda mühüm vəzifələrin dayandığı vurğulanıb.
İclasda ötən ay peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçisinin orden və medallara layiq bilinməsi qeyd olunaraq, təltif olunmuş əməkdaşlara nazir F.Məmmədov tərəfindən bu yüksək dövlət mükafatları təqdim edilib.
Dövlət təltifinə layiq bilinmiş əməkdaşlar çıxış edərək, bu təltifləri onlara göstərilən yüksək etimad kimi dəyərləndirməklə, ölkə rəhbərinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Kollegiyada "Vətəndaşların müraciətləri haqqında" yeni Qanunun ədliyyə orqanlarında icrası üzrə tədbirlər müzakirə edilib, bu zaman dövlət başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaş məmnunluğuna nail olunması ilə bağlı tapşırıqları vurğulanıb.
Bildirilib ki, ədliyyə orqanlarında insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması diqqətdə saxlanılaraq bu sahədə məqsədyönlü işlər görülüb, cari ildə nazirliyə daxil olmuş 40 minədək vətəndaş müraciətinə baxılıb, 9.300-dən çox vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, bu zaman qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb. Vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi ciddi intizam məsuliyyətinə cəlb olunub.
İclasda Qanundan irəli gələn vəzifələr və həmçinin, bu sahədə mövcud problem və çatışmazlıqlar müzakirə edilərək vətəndaş müraciətləri ilə işin yeni Qanunun tələblərinə uyğun daha səmərəli qurulması, o cümlədən bu vacib sənədin dərindən öyrənilməsi və dəqiq tətbiqi, müraciətlərdə qaldırılan məsələlərə, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə şikayətlərə diqqətlə yanaşılması və onların çevik həlli, vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi, səyyar və virtual qəbulların daha geniş təşkili və s. konkret tədbirlər müəyyən olunub.
Kollegiyada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzəyə də baxılıb. Bildirilib ki, 2015-ci ildə inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı 59.000-ə çatıb, onlardan 2.000-dən çox akt nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Pozuntulara yol vermiş 388 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 65 material prokurorluğa göndərilib. Eyni zamanda, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 1.405 hektar torpaq sahəsi geri qaytarılıb.
İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsinin, mövcud nöqsan və çatışmazlıqların səbəblərinin təhlil olunub aradan qaldırılmasının, metodiki yardımın keyfiyyətinin artırılmasının zəruriliyi vurğulanıb, Milli Məclisə təqdim olunacaq illik məruzənin təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.
Eyni zamanda, iclasda ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlərin nəticələri müzakirə olunub, növbəti il üçün əsas prioritetlər, o cümlədən icra və notariat xidmətlərinin, ekspertiza fəaliyyətinin müasirləşdirilməsi, insan hüquqlarının təminatı və vətəndaş məmnunluğunun yüksəldilməsi üzrə əlavə işlərin görülməsi və digər konkret tədbirlər müəyyən edilib.
Bununla yanaşı, ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.