28-01-2016 | 04:02 1301
Dünyada hökm sürən maliyyə və iqtisadi böhranın ölkə iqtisadiyyatına və əhalinin yaşayış durumuna mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə anti-böhran tədbirləri həyata keçirilir, görülən işlər barədə ictimaiyyət daim məlumatlandırılır.
Ədliyyə naziri Fikrət Məmmədov yanvarın 28-də Qobustan rayon Gənclər Mərkəzində ictimaiyyət nümayəndələri ilə görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar və yerli sakinlər iştirak ediblər.
Tədbirdə çıxış edən nazir qlobal iqtisadi böhranın yaşandığı bir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanın hərtərəfli dinamik tərəqqisindən və sabit inkişafından bəhs edib.
Xalqımızın rifahı və gələcəyi naminə yaradılmış möhkəm iqtisadi potensialın bu gün dövlətimizin iqtisadi təhlükəsizliyini təmin etdiyini, onu böhranın təsirindən qoruduğunu vurğulayan nazir ölkə başçısının verdiyi tapşırıqlara əsasən məqsədyönlü islahatların həyata keçirildiyini, respublikamızın sosial-iqtisadi inkişafına mane olan amillərin aradan qaldırıldığını, anti-böhran tədbirlərinin müsbət nəticələrini, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, maaş, pensiya və müavinətlərin artırılması, süni qiymət artımının qarşısının alınması və s. işləri qeyd edib.
Görüşdə həmçinin, korrupsiya hallarının aradan qaldırılması üzrə dövlət başçısının qəti iradəsi ilə həyata keçirilən tədbirlərə toxunulub, ölkəmizdə müstəqil məhkəmə hakimiyyəti bərqərar edilməklə hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunduğu bildirilib, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanların məmnunluğunun yüksəldilməsinin əsas vəzifə olduğu vurğulanıb.
Rayon İcra hakimiyyətinin başçısı A.Məmmədov ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq rayonda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, habelə insanlarının rifahının yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Çıxış edən ictimaiyyət nümayəndələri cənab Prezidentin dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və digər anti-böhran tədbirlərini alqışladıqlarını söyləyərək ölkəmizdəki ictimai-siyasi sabitlikdən, əmin-amanlıqdan razılığını bildiriblər.
Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.